6.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
6.2. Konstitusiya Məhkəməsi işlərə palataların və Plenumun iclaslarında baxır.
6.3. Konstitusiya Məhkəməsi Plenumunun tərkibinə Konstitusiya Məhkəməsinin bütün hakimləri daxildir.
6.4. Konstitusiya Məhkəməsi Plenumunun iclasları bir qayda olaraq Konstitusiya Məhkəməsinin sədri tərəfindən çağırılır, bu Qanun və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada keçirilir.
6.5. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına Konstitusiya Məhkəməsinin sədri və ya onu əvəz edən şəxs sədrlik edir.
6.6. Bu qanunla başqa hallar müəyyən edilməyibsə, Konstitusiya Məhkəməsi Plenumunun iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir.
6.7. Palataların tərkibləri Konstitusiya Məhkəməsinin sədri tərəfindən müəyyən edilir.
6.8. Palataların təşkili, iclaslarının çağırılması və keçirilməsi, habelə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi qaydaları Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.
6.9. Palataların iclasları azı 3 hakim iştirak etdikdə səlahiyyətlidir.
6.10. Konstitusiya Məhkəməsinin sədri və onun müavini eyni palatanın tərkibinə daxil ola bilməzlər.
6.11. Palataların iclaslarında Konstitusiya Məhkəməsinin hakimləri növbə ilə sədrlik edirlər. Bu sədrliyin ardıcıllığı palataların iclaslarında müəyyən edilir.