66.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.
66.2. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
66.3. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin X hissəsinə görə qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
66.4. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
66.5. Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi üçün əsas təşkil etmiş Azərbaycan Respublikası Konstitusiyasının norması referendum nəticəsində dəyişdirildikdə, həmin qərar Konstitusiya Məhkəməsi tərəfindən qismən və ya bütövlükdə qüvvədən düşmüş hesab olunur.