Qanunvericilik › “Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.03.2011) › Tam mətn

“Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.03.2011)

“Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 02.03.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 2 mart 2011-ci il

1.1. Bu Qayda “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 9.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydasını tənzimləyir.

1.2. Bu Qayda fərdi qaydada məlumat-sorğu xidmətlərinin göstərilməsinə şamil edilmir.

1.3. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14‑cü maddəsinə əsasən qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinə yol verilmir.

1.4. Bu Qaydaya əsasən ödənişli əsaslarla üçüncü şəxslərə yalnız açıq kateqoriyalı fərdi məlumatların verilməsinə yol verilir.

1.5. Fərdi məlumat subyekti informasiya sistemində özü barəsində toplanılmış məlumatın üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək və bu məlumatların üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq hüququna malikdir.

2.1. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrini aparan orqanın razılığı ilə, fərdi məlumatların mülkiyyətçisi və bu məlumatları əldə etmək niyyətində olan üçüncü şəxslə bağlanılmış müqavilə əsasında həyata keçirilir.

2.2. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların üçüncü şəxslərə verilməsi üçün ödənişin məbləği tərəflər arasında əldə edilmiş razılaşma ilə müəyyən edilir.

2.3. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi barədə müqavilədə təqdim edilən məlumatların tərkibi, əldə edilməsi məqsədləri, istifadə sahələri və üsulları göstərilməli və fərdi məlumatları əldə edən üçüncü şəxsin aşağıdakı öhdəlikləri nəzərdə tutulmalıdır:

2.3.1. əldə edilmiş fərdi məlumatların mühafizəsinin və fərdi məlumat subyektlərinin hüquqlarının "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edilməsi;

2.3.2. əldə edilmiş fərdi məlumatların digər şəxslərə hər hansı üsulla verilməməsi və ya ötürülməməsi;

2.3.3. fərdi məlumatlardan istifadə edilərkən fərdi məlumat subyektləri üçün hər cür təhdid və təhlükənin istisna edilməsi, onlara arzuolunmayan və ya əlavə xərclərə səbəb ola biləcək, habelə anonim, yaxud fərdi məlumat subyektini yanılda bilən təkliflərin edilməməsi.

2.4. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatları əldə edən üçüncü şəxslərin və ya onların fərdi məlumat operatorlarının maddi-texniki və təşkilati imkanları məlumatların əldə edilməsi məqsədinə və onların mühafizəsi tələblərinə uyğun olmalıdır.

3.1. Korporativ informasiya sistemlərindən üçüncü şəxslər tərəfindən əldə edilmiş məlumatlar onların işlənilməsi məqsədlərinə nail olunduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada təxirəsalınmadan məhv edilməlidir.

3.2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrini aparan orqan korporativ informasiya sistemlərindən məlumat əldə etmiş üçüncü şəxslərin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydanın, habelə tərəflərin məlumatların verilməsi barədə bağladıqları müqavilənin tələblərini yerinə yetirməsinə nəzarət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver