11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.
11-1.1-1. Orqanların (qurumların) rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməli, işçilərin və iş görən və ya xidmət göstərən digər şəxslərin (bundan sonra – işçilərin) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.
11-1.2. Orqanların (qurumların) rəhbərləri həmin orqanın (qurumun) strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edirlər.
11-1.3. Orqanlarda (qurumlarda) çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə (şəxsə) verə bilərlər. Səlahiyyətli struktur bölmə (şəxs) öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə (şəxs) işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Səlahiyyətli struktur bölmə (şəxs) orqanların (qurumların) rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.
11-1.4. Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.
11-1.5. Səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır.
11-1.6. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
11-1.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə (şəxs) ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq orqanın (qurumun) rəhbərinə təqdim etmək hüququna malikdir. Orqanın (qurumun) rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
11-1.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat orqanın (qurumun) rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı orqanın (qurumun) rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.