Qanunvericilik › Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. İnvestorların pul vəsaitlərinin idarə edilməsi

Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Operator kraudfandinq layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar investorlardan toplanan pul vəsaitlərinə dair aşağıdakı tələblərə əməl etməlidir:

12.1.1. kraudfandinq kampaniyası başlandığı vaxtdan investisiya ilə bağlı investorlardan daxil olan bütün təkliflərin və toplanan pul vəsaitlərinin hər bir kraudfandinq kampaniyası üzrə ayrıca uçotunu aparır (təkliflərin və vəsaitlərin daxilolma vaxtı qeyd edilməklə);

12.1.2. investorlardan toplanan pul vəsaitlərinin operatorun öz aktivlərindən ayrı saxlanılmasını təmin edir;

12.1.3. bu Qanunun 17.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra toplanan pul vəsaitlərinin layihə sahibinə köçürülməsini təmin edir.

12.2. Aşağıdakı hadisələrin baş verdiyi gündən sonrakı 5 (beş) iş günü ərzində operator investorların pul vəsaitlərini tam həcmdə geri qaytarmalıdır:

12.2.1. bu Qanunun 16.6-cı maddəsi nəzərə alınmaqla, kampaniya müddətinin sonunadək maliyyələşmə üçün hədəflənən pul vəsaitləri toplanmadıqda;

12.2.2. layihə sahibi tərəfindən layihə geri çağırıldıqda və ya təxirə salındıqda (bu Qanunun 16.10-cu maddəsində göstərilən halda);

12.2.3. kampaniya müddəti ərzində layihə sahibi tərəfindən kraudfandinq layihəsi ilə bağlı məlumatlarda edilən dəyişikliklə bağlı investor həmin dəyişikliklərə razılığının olmaması səbəbilə vəsaitlərin geri qaytarılması üçün müraciət etdikdə;

12.2.4. davam edən kampaniya müddəti çərçivəsində operator bu Qanuna uyğun olaraq reyestrdən çıxarıldıqda və bu Qanunun 19.3-cü maddəsinə uyğun olaraq fəaliyyətini dayandırdıqda;

12.2.5. eyni kraudfandinq layihəsi üzrə səhm və borc əsaslı kraudfandinq kampaniyası çərçivəsində hədəflənən pul vəsaitləri tam toplanmadığı halda, həmin kraudfandinq layihəsi üzrə digər kraudfandinq kampaniyası da ləğv edildikdə;

12.2.6. kraudfandinq kampaniyası dayandırıldıqda və investorun vəsaitlərin geri qaytarılması ilə bağlı müraciəti olduqda;

12.2.7. kraudfandinq kampaniyası ləğv edildikdə.

12.3. İnvestorlardan toplanan və bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq saxlanılan pul vəsaitlərindən operatorun və üçüncü şəxslərin hər hansı marağı üçün istifadə edilə bilməz, habelə həmin pul vəsaitlərinə operatorun və üçüncü tərəflərin öhdəlikləri üzrə tələb yönəldilə və həbs qoyula bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver