Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Məlumat istifadəçiləri

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Məlumat istifadəçiləri (bu Qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) kredit hesabatını yalnız onlarla kredit tarixçəsinin subyekti arasında borc öhdəliyinin yaranması, dəyişdirilməsi və borc öhdəliyi ilə bağlı digər münasibətlərin tənzimlənməsi zamanı ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi məqsədilə istifadə edə bilərlər.

13.2. Kredit bürosundan kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir:

13.2.1. bu Qanunun 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları;

13.2.2. kredit tarixçəsinin subyekti;

13.2.3. icraatlarında olan işlərlə əlaqədar məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, Mərkəzi Bank (kredit tarixçəsi subyektinin Mərkəzi Banka daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri).

13.3. Bu Qanunun 13.2.2-ci (bu Qanunun 21.2-ci və 21.3-cü maddələri nəzərə alınmaqla) və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla, digər məlumat istifadəçisi aşağıdakı vəzifələri daşıyır:

13.3.1. kredit hesabatını əldə etmək üçün kredit tarixçəsi subyektinin razılığını almaq (bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş mənbələrdən əldə olunmuş məlumatın alınması və bu Qanunun 23.3-1-ci maddəsində nəzərdə tutulmuş halda istisna olmaqla);

13.3.2. kredit tarixçəsi subyektlərinə kredit tarixçələri ilə bağlı hüquqları barədə yazılı şəkildə məlumat təqdim etmək;

13.3.3. kredit hesabatını almaq üçün müvafiq kredit tarixçəsi subyektinin razılığının alınması faktını kredit bürosu üçün bu Qanunun 15.7-ci maddəsində müəyyən edilmiş qaydada təsdiq etmək;

13.3.4. kredit tarixçəsini təşkil edən məlumatı üçüncü şəxslərə açmamaq;

13.3.5. kredit hesabatını yalnız bu Qanunla müəyyən edilmiş məqsədlər üçün istifadə etmək;

13.3.6. kredit hesabatını təqdim etmiş kredit bürosu haqqında kredit tarixçəsinin subyektinə məlumat (adı, ünvanı və digər zəruri rekvizitləri) vermək;

13.3.7. kredit hesabatını almaq üçün kredit bürosuna müəyyən edilmiş xidmət haqqını ödəmək (bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsində və 18.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş halda istisna olmaqla).

13.4. Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumat istifadəçiləri kredit hesabatını təqdim etmiş kredit bürosu haqqında məlumatı kredit tarixçəsinin subyektinə onun sorğusu əsasında verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver