“Kredit büroları haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Kredit tarixçələrini təşkil edən neqativ məlumatların Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 27 iyul 2017-ci il
1.1. Bu Qayda “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 17.5-ci maddəsinə əsasən hazırlanmışdır və kredit tarixçələrini təşkil edən neqativ məlumatların (bundan sonra - məlumatlar) Elektron Hökumət İnformasiya Sistemində (bundan sonra – EHİS) yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi qaydasını müəyyən edir.
1.2. Aşağıdakı məlumat təchizatçıları məlumatları bu Qaydanın 2.2-ci bəndi ilə müəyyən edilmiş qaydada təqdim edirlər:
1.2.1. mərkəzi və yerli icra hakimiyyəti orqanları, məhkəmələr (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarının icrası üzrə tədbirləri özləri keçirdikdə), notariuslar və məcburi icra orqanları;
1.2.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Azərbaycan Respublikasının Audiovizual Şurası (baxdıqları inzibati xətalar haqqında işlər üzrə bu Qaydanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar barədə).
1.3. Məlumatların bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən EHİS-də yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi üçün zəruri olan texniki imkanları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi EHİS vasitəsilə təmin edir.
1.4. Bu Qaydada “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan anlayışlardan istifadə edilmişdir.
2.1. Bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ məlumatları onun razılığını almadan EHİS-də yerləşdirirlər.
2.2. Bu Qaydanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar fəaliyyətlərinə aid olan hissədə məhkəmələr (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi istisna olmaqla), məcburi icra orqanları və notariuslar tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanları (o cümlədən, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların adından), Mərkəzi Bank və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən isə birbaşa EHİS-də yerləşdirilir.
2.3. Kredit büroları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanları (o cümlədən, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların adından), Mərkəzi Bank və Azərbaycan Respublikasının Audiovizual Şurası öz informasiya sistemlərini EHİS-ə inteqrasiya edirlər.
2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən informasiya sistemlərinin EHİS-ə inteqrasiyası aidiyyəti qurumların müraciəti əsasında, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na müvafiq olaraq həyata keçirilir.
2.5. Məlumat təchizatçıları Mərkəzi Bank tərəfindən müəyyən edilən kredit tarixçəsi subyektinin eyniləşdirilməsi üçün tələb olunan məlumatları göstərməklə EHİS-də aidiyyəti üzrə aşağıdakı məlumatları yerləşdirirlər:
2.5.1. ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notarial qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilməsi müddəti;
2.5.2. kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanunazidd olmasın.
2.6. Məlumat təchizatçıları bu Qaydanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları onları əldə etdikləri tarixdən 1 (bir) iş günü ərzində EHİS-də yerləşdirirlər.
2.7. Bu Qaydanın 2.6-cı bəndində göstərilmiş qaydada EHİS-də yerləşdirilmiş məlumatların yenilənməsi onlarda dəyişikliyin olduğu vaxtdan 1 (bir) iş günü ərzində aparılır.
2.8. Məlumatların yerləşdirilməsi və yenilənməsi aidiyyəti dövlət qurumlarında təyin edilmiş məsul şəxslər tərəfindən həyata keçirilir. Həmin şəxslər EHİS-də gücləndirilmiş elektron imza sertifikatı əsasında autentifikasiyadan keçdikdən sonra məlumatların yerləşdirilməsini və ya yenilənməsini həyata keçirirlər.
3.1. Kredit bürolarının EHİS-də yerləşdirilmiş məlumatlara çıxışı gücləndirilmiş elektron imza sertifikatı vasitəsilə autentifikasiyadan keçən məsul şəxslər tərəfindən təmin edilir.
3.2. Kredit büroları EHİS-də yerləşdirilmiş məlumatları real vaxt rejimində sorğu əsasında veb servislər vasitəsilə elektron formada əldə edirlər.
3.3. Kredit bürosu sorğu etdiyi məlumatı qəbul etməyə borcludur və bu halda kredit tarixçələrinin məlumat bazasında bu məlumatın EHİS-dən əldə edildiyi qeyd olunur.
4.1. Bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat təchizatçıları aidiyyəti məlumatı müvafiq qaydada EHİS-də yerləşdirmədikdə və ya vaxtında yeniləmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
4.2. EHİS-də yerləşdirilmiş məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə EHİS-in operatoru məsuliyyət daşımır.
1. 4 aprel 2022-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 382)
2. 16 dekabr 2023-cü il tarixli 455 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 dekabr 2023-cü il, “Xalq” qəzeti, 19 dekabr 2023-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1790)
3. 13 sentyabr 2024-cü il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 20 sentyabr 2024-cü il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1083)
4. 3 iyul 2025-ci il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyul 2025-ci il, “Xalq” qəzeti, 9 iyul 2025-ci il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 698)
5. 22 sentyabr 2025-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2025-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 876)