3.1. Azərbaycan Respublikasında lotereyalar əhalinin sosial-maddi rifahının yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını stimullaşdırmaq məqsədilə keçirilir.
3.2. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi səlahiyyətli orqan tərəfindən aşağıdakı vasitələrlə təmin edilir:
3.2.1. lotereyaların təşkilində və keçirilməsində iştirak edən hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan normativ hüquqi aktların qəbul edilməsi;
3.2.3. lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatı qaydalarının müəyyən edilməsi və onların qeydiyyatının aparılması;
3.2.4. lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsi;
3.2.5. lotereyaların təşkili və keçirilməsi ilə əlaqədar açıqlanmalı olan məlumatların və onların açıqlanması qaydalarının müəyyən edilməsi;
3.2.6. lotereya iştirakçılarının hüquqlarının təmin edilməsi, o cümlədən bu məqsədlə lotereyalardan əldə edilən uduşların iştirakçılara ödənilməsinə nəzarət edilməsi;
3.2.7. lotereya təşkilatçısı tərəfindən lotereyalar haqqında qanunvericiliyin tələbləri pozulduqda lotereya təşkilatçısına göstəriş verilməsi və ya lotereyanın keçirilməsinin dayandırılması;
3.2.8. lotereyanın keçirilməsinə xitam verilməsi haqqında iddia ilə məhkəməyə müraciət edilməsi;
3.2.9. məqsədli lotereyaların keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlü istifadəsinə nəzarət edilməsi;
3.2.10. lotereyalar haqqında qanunvericiliklə müəyyən olunmuş digər funksiyalar.
3.3. Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir.
3.4. “Lotereya” sözünün işlədildiyi mətndən bu sözün lotereya fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallar istisna olmaqla, bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulan lotereya təşkilatçısından başqa digər hüquqi şəxslərin adında “lotereya” sözünün (“lotereya” sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.