5.1. Tiraj komissiyası lotereya təşkilatçısı tərəfindən yaradılır (elektron və virtual lotereyalar istisna olmaqla) və tirajlı lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirir.
5.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır. Lotereya təşkilatçısının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər), həmçinin stimullaşdırıcı lotereya obyektinin satıcısı (o, stimullaşdırıcı lotereyanın təşkilatçısı olduğu halda) tiraj komissiyasının üzvü ola bilməz.
5.2-1. Lotereya təşkilatçısı tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısını və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədləri tiraj komissiyasının tərkibi formalaşana qədər səlahiyyətli orqanla razılaşdırmalıdır. Səlahiyyətli orqan siyahı təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində siyahıda olan şəxslərdən hər hansı biri barədə səhv və ya təhrif olunmuş məlumatın təqdim edildiyini aşkar etdikdə, lotereya təşkilatçısına məlumat verir və həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Bu müddət ərzində səlahiyyətli orqan lotereya təşkilatçısına təqdim olunan məlumatların səhv olması və ya təhrif olunması barədə məlumat verməzsə, siyahı səlahiyyətli orqanla razılaşdırılmış hesab olunur. Siyahı səlahiyyətli orqanla razılaşdırıldıqdan sonra siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyi məlum olduqda, səlahiyyətli orqan həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Lotereya təşkilatçısı siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyini özü müəyyən etdikdə, həmin şəxsi tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısından çıxarır və bu barədə səlahiyyətli orqana məlumat verir.
Səlahiyyətli orqanla razılaşdırılmış siyahıda olan şəxslər səlahiyyətli orqanla təkrar razılaşdırılmadan tiraj komissiyasının tərkibinə daxil edilir. Lotereya təşkilatçısı bu maddə ilə müəyyən edilmiş qaydada səlahiyyətli orqanla razılaşdırılmaqla siyahıda dəyişiklik edə bilər.
5.4. Lotereya təşkilatçısı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri və həmin üzvləri əvəz edə biləcək daha 5 (beş) şəxs haqqında məlumatı özündə əks etdirən siyahını səlahiyyətli orqana təqdim etməlidir. Səlahiyyətli orqan bu maddənin birinci cümləsində göstərilən məlumatı aldıqdan sonra tiraj komissiyasının bu Qanunun tələbləri pozulmaqla yaradıldığını müəyyən etdikdə, tiraj komissiyasının tərkibində və (və ya) əvəzləyici şəxslərin siyahısında dəyişiklik edilməsi barədə lotereya təşkilatçısına dərhal, lakin hər bir halda uduş fondunun oynanılmasına azı 12 (on iki) saat qalmış icrası məcburi olan göstəriş verir. Səlahiyyətli orqana barəsində məlumat təqdim edilmiş siyahı üzrə tiraj komissiyasının üzvlərindən hər hansı biri (bir neçəsi) üzrlü və ya üzrsüz səbəbdən tiraj komissiyasında iştirak edə bilmədikdə, lotereya təşkilatçısı bu barədə səlahiyyətli orqanı məlumatlandırmaqla onu (onları) digər şəxslə (şəxslərlə) əvəz edə bilər.
5.5. Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.
5.6. Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
5.7. Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə 3 (üç) iş günü ərzində səlahiyyətli orqana və lotereya təşkilatçısına məlumat verir.
Səlahiyyətli orqan uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldığı tarixdən etibarən 30 (otuz) gün müddətində müvafiq qərar qəbul etməli və qərarın surətini lotereya təşkilatçısına təqdim etməlidir.
5.8. Bu Qanunun 5.7-ci maddəsində göstərilən məlumatı aldıqda lotereya təşkilatçısı səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırır.