Qanunvericilik › Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Maliyyə icarəsi müqaviləsi və alqı-satqı müqaviləsi

Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Maliyyə icarəsi subyektləri arasında münasibətlər aşağıdakı qaydada rəsmiləşdirilir:

5.1.1. icarəyə verən və icarəçi arasında maliyyə icarəsi müqaviləsinin, habelə icarəyə verən və satıcı arasında alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə;

5.1.2. icarəyə verən, icarəçi və satıcı arasında qarışıq müqavilənin bağlanılması yolu ilə;

5.1.3. geriyə maliyyə icarəsi ilə və ya bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təkrar maliyyə icarəsi müqaviləsinin bağlanılması yolu ilə.

5.2. Maliyyə icarəsi müqaviləsi yazılı formada bağlanılır. Bu Qanunun tələbləri nəzərə alınmaqla maliyyə icarəsi müqaviləsində azı aşağıdakılar göstərilməlidir:

5.2.1. maliyyə icarəsi obyektinin təsviri;

5.2.2. maliyyə icarəsi obyektinin təyinatı və istismar müddəti;

5.2.3. maliyyə icarəsi obyekti üzrə verilən hüquqlar, o cümlədən, tətbiq edildikdə, icarəçinin maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətlərlə almaq hüququ;

5.2.4. maliyyə icarəsi obyektinin təhvil verilməsi proseduru;

5.2.5. maliyyə icarəsi müqaviləsinin müddəti;

5.2.6. maliyyə icarəsi obyektinin saxlanması və təmiri üzrə tərəflərin vəzifələri;

5.2.7. icarəyə verən tərəfindən maliyyə icarəsi ilə bağlı əlavə xidmətlərin göstərilməsi nəzərdə tutulduğu halda, həmin xidmətlərin siyahısı;

5.2.8. maliyyə icarəsi ödənişlərinin ümumi məbləği və icarəyə verənin mükafatının (faiz və ya digər gəlirinin) məbləği;

5.2.9. maliyyə icarəsi ödənişlərinin qrafiki;

5.2.10. maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl icra və ya ləğv edildikdə bununla bağlı yaranan xərclərin və digər ödənişlərin aparılması qaydası.

5.3. Maliyyə icarəsi müqaviləsində icarəçinin maliyyə icarəsi müqaviləsinin şərtlərini saxlamaq və ya dəyişməklə maliyyə icarəsi müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər.

5.4. Maliyyə icarəsi ilə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində maliyyə icarəsi obyektinin icarəyə verən tərəfindən maliyyə icarəsinə verilmək üçün əldə edilməsi və maliyyə icarəsi müqaviləsində ayrı hal nəzərdə tutulmadıqda, icarəçinin alıcı hüquqlarına malik olması göstərilməlidir.

5.5. Maliyyə icarəsi subyektləri arasında münasibətlər bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan müqavilənin bağlanılması yolu ilə rəsmiləşdirildikdə, həmin müqavilədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qarışıq müqaviləyə dair tələbləri nəzərə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver