1. Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
2. Maliyyə-sənaye qrupunu təşkil edən hüquqi şəxslərin məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra maliyyə-sənaye qrupu statusu qazanır.
3. Maliyyə-sənaye qrupunun baş şirkəti dövlət qeydiyyatından keçmək üçün müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim edir:
maliyyə-sənaye qrupunun yaradılmasına dair ərizə;
maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə;
təşkilati layihə;
müvafiq icra hakimiyyəti orqanının rəyi.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər sənədlər.
3-1. Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı zamanı zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər maliyyə-sənaye qrupunun baş şirkətindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi maliyyə-sənaye qrupunun baş şirkətinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya maliyyə-sənaye qrupunun baş şirkəti tərəfindən təmin edilir.
4. Maliyyə-sənaye qrupunun baş şirkəti istisna olmaqla, heç bir hüquqi şəxsin adında “maliyyə-sənaye qrupu” sözbirləşməsindən istifadə edilə bilməz.
5. Maliyyə-sənaye qruplarının yaradılmasına dair müqavilələr, həmin müqavilələrin şərtlərində və ya qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərlə bağlı dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında aparılır.
6. Maliyyə-sənaye qruplarının qeydiyyata alınması zamanı yaranan mübahisələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.