Qanunvericilik › “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 22.02.2023) › Tam mətn

“Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 22.02.2023)

“Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 22.02.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2.3-cü və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası” 2023-cü il 1 iyun tarixindən qüvvəyə minsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qayda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və maliyyə vəsaitlərinin elektron köçürülməsinin (bundan sonra – elektron köçürmə) aparılması zamanı müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarını, habelə elektron köçürmə zəncirində məlumatların ötürülməsi və maliyyə institutları arasında işgüzar münasibətlərə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydanın müddəaları fiziki şəxslərin və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qurumların (hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar, dövlət və ya qeyri-dövlət orqanları (qurumları)) yerli banklar, xarici bankların yerli filialları, ödəniş təşkilatları, elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilən transsərhəd və ölkədaxili elektron köçürmələrinə şamil edilir.

1.3. Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilmir.

1.4. Elektron köçürmələr zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.17-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəllər həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə güvənilə bilər və bu tədbirlərin təkrar həyata keçirilməsi tələb edilmir.

1.5. Bu Qaydanın digər müddəalarından asılı olmayaraq emitent, vasitəçi və benefisiar maliyyə institutları elektron köçürmələr zamanı bu Qayda ilə müəyyən edilmiş tədbirlərlə yanaşı, ödəyici və vəsait alanın hədəfli maliyyə sanksiyalarının tətbiq edilməli şəxslərin siyahısında olmasını müəyyən etdikdə bu Qaydanın 1.1-ci bəndində göstərilən qanunlara müvafiq tədbirlər görməlidirlər.

1.6. Elektron köçürmələr zamanı bu Qayda ilə tənzimlənməyən məsələlər ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə, habelə xarici valyutada əməliyyatların aparılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları ilə tənzimlənir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. maliyyə institutu – yerli banklar, xarici bankların yerli filialları, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla), elektron pul təşkilatları, xarici ödəniş təşkilatlarının yerli filialları, xarici elektron pul təşkilatlarının yerli filialları və poçt rabitəsinin milli operatoru (Qaydanın mətni üzrə müddəaların xarici maliyyə institutlarına aid olduğu hallar istisna olmaqla);

2.1.2. maliyyə vəsaiti – ödəyici tərəfindən göndərilən və benefisiar maliyyə institutu tərəfindən vəsait alana pul formasında ödənilən dəyər;

2.1.3. elektron köçürmə – maliyyə vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən maliyyə institutlarının təqdim etdiyi elektron üsullarla (bank və digər ödəniş hesabları vasitəsilə, hesab açmadan və ya yeni ödəniş metodları ilə) vəsait alana (elektron köçürmə zamanı ödəyici və vəsaiti alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə aparılan transsərhəd və ya ölkədaxili əməliyyat;

2.1.4. transsərhəd köçürmə – müxtəlif dövlətlərə (ərazilərə) mənsub maliyyə institutları arasında aparılan elektron köçürmə (transsərhəd köçürmə anlayışı serial, kover və paket ödənişlərinə, habelə elektron köçürmə zəncirində iştirak edən emitent, vasitəçi və ya benefisiar maliyyə institutlarından ən azı birinin fərqli dövlətlərə (ərazilərə) mənsub olduğu hallara da şamil edilir);

2.1.5. ölkədaxili köçürmə – fiziki və hüquqi şəxslər tərəfindən maliyyə institutları vasitəsilə Azərbaycan Respublikası daxilində aparılan elektron köçürmə (ölkədaxili köçürmə anlayışına serial, kover və paket ödənişləri də daxildir);

2.1.6. serial ödəniş – emitent maliyyə institutu tərəfindən ödəniş sərəncamının maliyyə vəsaiti ilə birlikdə benefisiar maliyyə institutuna birbaşa, yaxud bir və ya bir neçə vasitəçi maliyyə institutu vasitəsi ilə göndərildiyi ödəniş zənciri;

2.1.7. kover ödəniş – emitent maliyyə institutu tərəfindən benefisiar maliyyə institutuna ödəniş sərəncamının birbaşa, sərəncam üzrə maliyyə vəsaitinin isə benefisiar maliyyə institutuna bir və ya bir neçə vasitəçi maliyyə institutları vasitəsi ilə göndərildiyi ödəniş zənciri;

2.1.8. paket ödənişləri – bir ödəyici tərəfindən bir neçə elektron köçürmə əməliyyatı həyata keçirilən zaman ödəyiciyə dair məlumatların paket şəklində emitent maliyyə institutundan benefisiar maliyyə institutuna ötürülməsi.

2.1.9. ödəyici – maliyyə vəsaitinin elektron köçürülməsi üzrə sərəncam verən bank və digər ödəniş hesabı sahibi və ya hesab açılmadan əməliyyatın aparılması üçün sərəncam verən şəxs;

2.1.10. vəsait alan – xeyrinə elektron köçürmə həyata keçirilən şəxs;

2.1.11. emitent maliyyə institutu – elektron köçürmə zamanı ödəniş sərəncamını qəbul edən və maliyyə vəsaitini göndərən maliyyə institutu;

2.1.12. vasitəçi maliyyə institutu – elektron köçürmə zamanı emitent və benefisiar maliyyə institutları arasında elektron köçürmə zəncirində iştirak edən maliyyə institutu;

2.1.13. benefisiar maliyyə institutu – elektron köçürmə zamanı maliyyə vəsaitini qəbul edən və vəsait alanın bank və digər ödəniş hesabına daxil edən və ya onun istifadəsinə imkan yaradan maliyyə institutu.

3.1. Emitent maliyyə institutu elektron köçürmələrdə, o cümlədən paket ödənişlərində aşağıdakı məlumatların olmasını təmin edir:

3.1.1. ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda və ödəniş kartları vasitəsilə aparılmadıqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));

3.1.2. ödəyicinin fərdi eyniləşdirmə məlumatları (doğum tarixi və yeri, fərdi identifikasiya nömrəsi, ünvanı və ya milli identifikasiya nömrəsi haqqında məlumatlar);

3.1.3. ödəyicinin əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi (PAN) və ya digər unikal eyniləşdirici;

3.1.4. vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));

3.1.5. vəsait alanın əməliyyatının emalında istifadə olunan hesab nömrəsi, ödəniş kartının nömrəsi (PAN) və ya digər unikal eyniləşdirici;

3.1.6. hesab açılmadan aparılan elektron köçürmə zamanı əməliyyatın unikal istinad nömrəsi.

3.2. Emitent maliyyə institutu ölkədaxili və ya transsərhəd elektron köçürmədən öncə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.17-ci maddəsinin müddəaları nəzərə alınmaqla bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində ödəyici haqqında nəzərdə tutulmuş məlumatları verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir. Müştəri uyğunluğu tədbirləri görülə bilmədikdə bu tələb 500 (beş yüz) manat ekvivalentinədək məbləğdə vəsait alanın bank hesabına həyata keçirilən ölkədaxili birdəfəlik elektron köçürmələrə şamil edilmir.

3.3. Emitent maliyyə institutu bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla elektron köçürmələr zamanı bu Qaydanın 3.1-ci bəndində göstərilən məlumatları elektron köçürmə zəncirində növbəti maliyyə institutuna ötürməlidir. Kover ödəniş zamanı həmin məlumatlar birbaşa benefisiar maliyyə instutuna ötürülməklə yanaşı, elektron köçürmə zəncirində iştirak edən bütün maliyyə institutlarına ötürülür.

3.4. Ölkədaxili elektron köçürmələr zamanı emitent maliyyə institutları bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən məlumatların elektron köçürmə zəncirində ötürülməsini təmin etməyə bilər. Bu halda emitent maliyyə institutu tərəfindən əməliyyat, o cümlədən ödəyici və vəsait alan barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sorğu əsasında səlahiyyətli orqanlara və benefisiar maliyyə institutuna ən geci 3 (üç) iş günü ərzində təqdim edilməsi təmin olunmalıdır. Hüquq mühafizə orqanlarının qanunvericiliyə müvafiq qaydada sorğusu daxil olduqda emitent maliyyə institutu həmin məlumatların dərhal təqdim edilməsi imkanına malik olmalıdır.

4.1. Vasitəçi maliyyə institutu bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla elektron köçürmə zamanı elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində göstərilən məlumatların tamlığını yoxlamalı və həmin məlumatları tam şəkildə elektron köçürmə zəncirində saxlamaqla növbəti maliyyə institutuna ötürməlidir.

4.2. Elektron köçürmə zamanı vasitəçi maliyyə institutu texniki imkanların çatışmazlığından elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatları tam şəkildə elektron köçürmə zəncirində saxlamaqla növbəti maliyyə institutuna ötürə bilmirsə, qəbul etdiyi bütün məlumatların ”Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında“ Azərbaycan Respublikası Qanununun 6-cı maddәsindә göstәrilәn müddətdə saxlanılması üçün tədbirlər görməlidir.

4.3. Vasitəçi maliyyə institutu elektron köçürmə zəncirində onun tərəfindən ötürülməsi zəruri olan məlumatların tam əks olunmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə əməliyyatın icrasına müdaxilə etməyən və əməliyyatın fasiləsizliyini pozmayan tədbirlər görməlidir.

4.4. Vasitəçi maliyyə institutu onun tərəfindən elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:

4.4.1. belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları;

4.4.2. belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər.

5.1. Benefisiar maliyyə institutu bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla elektron köçürmə zamanı elektron köçürmə zəncirində özündən əvvəlki maliyyə institutundan əldə etdiyi bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatların tamlığını yoxlamalıdır.

5.2. Benefisiar maliyyə institutu ölkədaxili və ya transsərhəd elektron köçürmə zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.17-ci maddəsinin müddəaları nəzərə alınmaqla vəsait alana münasibətdə müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidir, habelə bu Qaydanın 3.1.5-ci yarımbəndində qeyd olunan məlumatın doğruluğunu yoxlamalıdır. Müştəri uyğunluğu tədbirləri görülə bilmədikdə bu tələb vəsait alanın xeyrinə ödəyicinin bank və digər ödəniş hesabından həyata keçirilən 100 (yüz) manat və ondan aşağı ekvivalentinədək məbləğdə ölkədaxili birdəfəlik elektron köçürmələrə şamil edilmir.

5.3. Bu Qaydanın 5.2-ci bəndi nəzərə alınmaqla benefisiar maliyyə institutu elektron köçürmə zəncirində bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məlumatların tam olmadığı elektron köçürmələri müəyyən etmək məqsədilə real vaxt rejimində, bu mümkün olmadıqda isə əməliyyat icra olunduqdan sonra 5 (beş) iş günü ərzində aparılan monitorinq çərçivəsində müvafiq tədbirlər görməlidir.

5.4. Benefisiar maliyyə institutu elektron köçürmə zəncirində ötürülməsi zəruri olan məlumatların tam olmadığı elektron köçürmələrlə bağlı aşağıdakıları ehtiva edən risk əsaslı siyasət və prosedurlara malik olmalıdır:

5.4.1. belə elektron köçürmələrin icrasından imtina edilməsi, yaxud icrasının dayandırılması halları;

5.4.2. belə elektron köçürmələrə dair risk iştahası səviyyəsinə uyğun olaraq görüləcək növbəti tədbirlər, o cümlədən işgüzar münasibətdə olduğu müvafiq maliyyə institutu ilə işgüzar münasibətlərə yenidən baxılması ilə əlaqədar tədbirlər.

6.1. İşgüzar münasibətlərin qurulmasından əvvəl maliyyə institutu xarici maliyyə institutundan aşağıda göstərilmiş sənədləri və məlumatları əldə edir, onları etibarlı mənbələr (həmin xarici maliyyə institutuna nəzarəti həyata keçirən orqana sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər etibarlı mənbələr) vasitəsilə yoxlayır, onlarla bağlı risk qiymətləndirməsini aparır, işgüzar münasibətlərin qurulmasının risklərinə dair hesabat hazırlayır və risklərin idarə edilməsi üzrə tədbirlər görür:

6.1.1. xarici maliyyə institutunun nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçdiyi ölkədə müvafiq dövlət qurumu tərəfindən maliyyə institutunun fəaliyyətinə icazə verən sənədin surətləri;

6.1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu və ya xarici maliyyə institutunun yerləşdiyi ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda həmin ölkənin səlahiyyətli orqanı tərəfindən (maliyyə bazarlarına nəzarət orqanı və ya digər səlahiyyətli qurum) işgüzar münasibətin qurulmasına verilmiş icazənin surəti;

6.1.3. xarici maliyyə institutunun idarəetmə orqanları, təşkilati strukturu, benefisiar mülkiyyətçiləri, rəhbər(lər)i, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsi haqqında məlumat, onların şəxsiyyətini təsdiq edən, habelə şəxslərin benefisiar mülkiyyətçi olduqlarını təsdiq edən sənədlərin surətləri, habelə notariat qaydasında təsdiq edilmiş hesab üzrə sərəncam vermək hüququ olan şəxs(lər)in imza nümunələri və xarici maliyyə institutunun möhürünün əksi;

6.1.4. xarici maliyyə institutunun ən azı son maliyyə ili üçün auditor yoxlamasından keçmiş illik maliyyə hesabatlarının və auditor rəyinin surəti;

6.1.5. xarici maliyyə institutunun işgüzar nüfuzu, habelə xarici maliyyə institutuna və ya onun benefisiar mülkiyyətçilərinə, hər hansı rəhbər şəxsinə və yaxud cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsə qarşı səlahiyyətli qurum tərəfindən hər hansı cinayətə görə hazırda istintaq hərəkətlərinin aparılması, hazırda və ya keçmişdə məsuliyyətə cəlb edilməsi və ya son 5 (beş) il ərzində xarici maliyyə institutuna münasibətdə nəzarət tədbirlərinin görülməsi barədə məlumat və bu məlumatı təsdiq edən sənədlərin surətləri;

6.1.6. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə xarici maliyyə institutunun daxili nəzarət sistemi, o cümlədən öz müştərilərini tanıması üçün tətbiq etdiyi tədbirlər barədə məlumatlar və bu sahədə təsdiqlənmiş daxili siyasət, qayda və prosedurlar;

6.1.7. xarici maliyyə institutunun əsas fəaliyyət istiqamətinə, biznes modelinə, müştəriləri üçün təklif etdiyi xidmət növlərinə və hazırkı müştəri kateqoriyalarına (hüquqi şəxslər, fiziki şəxslər, xarici vətəndaşlar, siyasi xadimlər və s.) dair məlumat;

6.1.8. maliyyə institutu tərəfindən tələb edilən dövr (ən azı son bir il, bir ildən az fəaliyyət göstərdikdə isə fəaliyyətini əhatə edən dövr) ərzində xarici maliyyə institutunun apardığı əməliyyatların növlərinə və sayına dair məlumat;

6.1.9. xarici maliyyə institutunun fəaliyyət göstərdiyi ölkə (xarici maliyyə institutu holdinq şirkətinin tərkibində olduqda, holdinq şirkətinin qeydiyyatda olduğu ölkə), xarici maliyyə institutunun 50% və 50%-dən çox paya malik olduğu törəmə təşkilatları və filiallarının yerləşdiyi ölkələr, o cümlədən onların xidmətlərindən istifadə edən üçüncü tərəflərin yerləşdiyi ölkələr, habelə qeyd olunan ölkələrdə tətbiq olunan tənzimləmə və nəzarət (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ hüquqi çərçivə) haqqında məlumat;

6.1.10. xarici maliyyə institutu ilə işgüzar münasibətdə olan digər maliyyə institutlarının ölkələri və həmin ölkələrdə onların dövlət nəzarəti ilə əhatə edilib-edilməməsi haqqında məlumat;

6.1.11. xarici maliyyə institutunun xidmətlərindən istifadə edən digər maliyyə institutlarının işgüzar nüfuzuna dair məlumat.

6.2. Xarici maliyyə institutları ilə işgüzar münasibətlərin qurulması və bu münasibətlərə xitam verilməsinə dair qərar maliyyə institutunun səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir.

6.3. Xarici maliyyə institutları ilə işgüzar münasibətlər yazılı müqavilə ilə rəsmiləşdirilir.

6.4. Aşağıdakı hallarda işgüzar münasibətlərin qurulmasından imtina edilir:

6.4.1. işgüzar münasibətlərin qurulması məqsədilə bu Qaydanın 6.1-ci bəndində göstərilmiş sənədlər və məlumatlar tam təqdim edilmədikdə və ya təqdim edilmiş məlumatlar əsasında işgüzar münasibətlərin qurulması cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi baxımından riskli hesab edildikdə;

6.4.2. işgüzar münasibətlərin qurulması məqsədilə təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;

6.4.3. xarici maliyyə institutu hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış və/və ya müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziya almış, lakin dövlət nəzarəti ilə əhatə edilməyən qurum olduqda, o cümlədən onun xidmətlərindən qeyd edilən xüsusiyyətlərə malik digər maliyyə institutu tərəfindən istifadə ediləcəyi müəyyən edildikdə.

6.5. Aşağıdakı hallarda işgüzar münasibətlərə xitam verilir:

6.5.1. xarici maliyyə institutunun müraciətinə əsasən;

6.5.2. işgüzar münasibətlərin qurulması zamanı təqdim edilən sənədlərdə yanlış məlumatların olması aşkar edildikdə, sənədlər etibarsız hesab olunduqda, o cümlədən həmin sənədlərin etibarsız hesab olunması ilə bağlı müvafiq orqandan məlumat daxil olduqda;

6.5.3. xarici maliyyə institutunun fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya/qeydiyyat ləğv edildikdə;

6.5.4. risk əsaslı yanaşma əsasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı adekvat tədbirlərin görülməsi mümkün olmadıqda;

6.5.5. işgüzar münasibətlərin qurulmasına dair müqavilədə nəzərdə tutulan digər hallarda.

6.6. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar ildə bir dəfədən az olmayaraq yenidən əldə olunur, etibarlı mənbələr (həmin xarici maliyyə institutuna nəzarəti həyata keçirən orqana sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər etibarlı mənbələr) vasitəsilə yoxlanılır, onlarla bağlı risk qiymətləndirməsi aparılır, işgüzar münasibətlərin davam etdirilməsi risklərinə dair hesabat hazırlanır və risklərin idarə edilməsi üzrə tədbirlər görülür.

6.7. Maliyyə institutu işgüzar münasibətlər yaradılan xarici və yerli maliyyə institutlarının reyestrini tərtib edir, onu internet səhifəsində yerləşdirir və mütəmadi yeniləyir.

6.8. Maliyyə institutları arasında müxbir bankçılıq münasibətləri Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” ilə tənzimlənir.

7.1. Maliyyə institutları elektron köçürmələr zamanı ” Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında“ və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməli, həmçinin belə əməliyyatların tənzimlənməsinə, xarici maliyyə institutları ilə işgüzar münasibətlərə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.

7.2. Elektron köçürmələr zamanı bu Qaydanın ödəyici və vəsait alanın eyniləşdirilməsi və müştəri uyğunluğunun müəyyən edilməsinə dair tələbləri onların səlahiyyətli nümayəndələrinə münasibətdə də şamil edilir.

7.3. Emitent və benefisiar maliyyə institutları elektron köçürmənin məbləği bu Qaydanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş məbləğdən az olduqda da risk iştahası səviyyəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərini həyata keçirə bilərlər.

7.4. Eyni zamanda emitent və benefisiar kimi çıxış edən maliyyə institutu Azərbaycan Respublikasından kənarda həyata keçirilən əməliyyatlarla bağlı əmlakın cinayət yolu ilə əldə edilməsinə və (və ya) terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsində istifadə olunacağına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsi məqsədilə ödəyici və vəsait alana dair bütün məlumatları nəzərdən keçirməli və əməliyyatın həyata keçirildiyi ölkənin qanunvericiliyinə müvafiq olaraq bu hallarla bağlı məlumatların maliyyə monitorinqi orqanı üçün əlçatanlığını təmin etməlidir.

1. 24 dekabr 2024-cü il tarixli 52/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202412240522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2025-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver