“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.29-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Bakı şəhəri, 18 fevral 2013-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 18 fevral tarixli 26 nömrəli qərarı ilə
1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 332-ci maddəsinə əsasən hazırlanmışdır və mallardan dövlətin xeyrinə imtina edilməsi qaydasını müəyyən edir.
1.2. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.
1.3. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları və vergilər tutulmur, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmir.
1.4. Mallardan dövlətin xeyrinə imtina edilməsi bu Qaydaya uyğun olaraq gömrük orqanının icazəsi ilə həyata keçirilir.
1.5. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.
2.1. İxrac gömrük proseduru, son istifadə, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, dövlətin xeyrinə imtina olunanadək gömrük nəzarəti altında olurlar.
2.2. Aşağıdakı mallardan dövlətin xeyrinə imtina edilə bilməz:
2.2.1. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan;
2.2.2. bu Qaydanın əlavəsində göstərilən mallardan;
2.2.3. dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan;
2.2.4. malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan;
2.2.5. yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan.
2.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri (onu əvəz edən şəxs) tərəfindən qəbul edilir.
2.4. Gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə malların daşınması, saxlanılması, yüklənməsi və digər əməliyyatların aparılması ilə bağlı xərcləri ödəmir.
2.5. Qanunvericiliklə müəyyən edilmiş hallarda gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına məhdudiyyət qoyulmuş mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icazə sənədlərinin təqdim edilməsi şərtilə həyata keçirilir.
3.1. Dövlətin xeyrinə imtina edilən malların gömrük rəsmiləşdirilməsi həmin malların yerləşdiyi ərazi gömrük orqanında gömrük nəzarəti zonasında həyata keçirilir.
3.2. Mallardan dövlət xeyrinə imtina edilərkən sənədlər gömrük orqanına elektron və ya kağız üzərində yazılı formada verilə bilər.
4.1. Mallardan dövlətin xeyrinə imtina edən şəxs malları öz vəsaiti hesabına gömrük orqanının təyin etdiyi yerə gətirməlidir.
4.2. Şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirilmiş mallardır və onlar barədə sərəncam verilməsi Gömrük Məcəlləsinin 57-ci fəslinə uyğun qaydada həyata keçirilir.
4.3. Bu Qaydaya uyğun olaraq, mallardan dövlətin xeyrinə imtina edildikdə, həmin mallar üzrə yaranmış gömrük borcu ləğv edilir.
“Mallardan dövlətin xeyrinə imtina edilməsi Qaydası”na
1. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 564-IIQ nömrəli qanunu ilə müəyyən edilmiş mallar.
2. Raket-kosmik komplekslər və onların istehsalına və istismarına aid normativ-texniki sənədlər.
3. Radioaktiv materialların və partlayıcı maddələrin tullantıları.
4. Sənaye tullantıları.
5. Raket yanacağının bütün növləri, həmçinin onların istehsalı üçün lazım olan xüsusi materiallar və xüsusi qurğular.
1. 01 may 2015-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 635)
2. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)