Qanunvericilik › “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.11.2020) › Tam mətn

“Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.11.2020)

“Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.11.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1047 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların ixrac qeydi ilə satışı qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2020-ci il

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə əsasən hazırlanmışdır və malların ixrac qeydi ilə satışı qaydasını tənzimləyir.

1.2. İxrac qeydi ilə satılan mallara Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. malların ixrac qeydi ilə satışı - istehsalçılar tərəfindən malların ixrac edilməsi məqsədilə ixracatçılara bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində satışı;

1.3.2. ixrac qeydi ilə satılan malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılması.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər aşağıdakılardır:

2.1.1. ixrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;

2.1.2. ixrac qeydi ilə satılmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.

3.1. İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər aşağıdakılardır:

3.1.1. ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;

3.1.2. ixrac qeydi ilə alınmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

4.1. Malların ixrac qeydi ilə satışı aşağıdakı şəxslərə tətbiq edilmir:

4.1.1. müflis elan olunanlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslərə və fərdi sahibkarlara;

4.1.2. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərinə;

4.1.3. dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlara, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə;

4.1.4. sərbəst zonaların və xüsusi iqtisadi zonaların rezidentlərinə;

4.1.5. vergi cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə;

4.1.6. hasilatın pay bölgüsü haqqında sazişlərin podratçılarına və əməliyyat şirkətlərinə, həmçinin faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;

4.1.7. əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.

4.2. Malların ixrac qeydi ilə satışı ixracatçının aşağıdakı əməliyyatlarına tətbiq edilmir:

4.2.1. ölkə ərazisində istehsal edilməyən mallara;

4.2.2. tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına;

4.2.3. sərhədyanı ticarət çərçivəsində malların satışına;

4.2.4. malların əvəzsiz (haqqı ödənilmədən) ixracına;

4.2.5. malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsinə;

4.2.6. xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına;

4.2.7. təkrar ixrac gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına;

4.2.8. malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına;

4.2.9. barter əməliyyatları çərçivəsində malların ixracına;

4.2.10. sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracına;

4.2.11. silah ixracına;

4.2.12. bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən malların təqdim edilməsinə və faktiki ixrac əməliyyatlarına.

4.3. Aşağıdakı hallarda istehsalçı tərəfindən ixracatçıya malların satılması ixrac qeydi ilə satış hesab edilmir:

4.3.1 Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olmadıqda;

4.3.2. istehsalçı və ixracatçı bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən tələblərə cavab vermədikdə.

5.1. İstehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya “İxrac qeydi ilə satış barədə” elektron-qaimə faktura təqdim edilir. “İxrac qeydi ilə satış barədə” elektron-qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun müəyyən edilir.

5.3. “İxrac qeydi ilə satış barədə” elektron-qaimə fakturasında istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

5.4. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 (üç) ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 (on beş) gün müddətində ixracatçının ərizəsi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) tərəfindən 3 (üç) ayadək əlavə möhlət verilir. Əlavə möhlət müddəti bu Qaydanın 5.5-5.9-cu bəndləri ilə müəyyən edilmiş inzibati icraat prosedurundan asılı olmayaraq, bu Qaydanın 5.3-cü bəndi ilə müəyyən edilmiş müddətin bitdiyi tarixdən etibarən 3 (üç) ay müddətinə məhdudlaşdırılır.

5.5. İxracatçı əlavə möhlətin müddətinin verilməsi ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Dövlət Vergi Xidmətinə ərizə təqdim edir.

5.6. Ərizəyə bu Qaydanın 5.4-cü bəndində qeyd edilənlərlə bağlı təsdiqedici sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla əlavə olunur.

5.7. Dövlət Vergi Xidməti tərəfindən ixracatçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə 15 (on beş) iş günü müddətində baxılır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə (bu Qaydanın 5.6-cı bəndinin tələbi nəzərə alınmaqla) aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq ərizəçiyə bildiriş təqdim edilir, sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilən bildirişdə formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar ixracatçıya eyni zamanda bildirilməlidir.

5.8. İxracatçı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ixracatçının müraciətindən sonra müddətin axımı bərpa olunur. İxracatçı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, Dövlət Vergi Xidməti ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

5.9. Dövlət Vergi Xidməti təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə ixracatçıya əlavə möhlət müddətinin verilməsi barədə və ya əlavə möhlət müddətinin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ixracatçıya təqdim edir. Məlumat sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilir.

5.10. İxracatçı ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumatı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.

5.11. İxracatçı tərəfindən ixrac qeydi ilə alınan mallar bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətdə ixrac edilmədiyi və ya həmin müddətdən sonra ixrac edildiyi halda, habelə bu Qaydaların 4-cü hissəsi ilə müəyyən edilmiş şərtlərə uyğun olmadıqda ixrac qeydi ilə edilən satış malların ölkədaxili satışı hesab olunur.

5.12. İxrac qeydi ilə satılan malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətdə ixracı baş tutmadığı halda, büdcə qarşısında yaranan öhdəliklər (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) istehsalçının hesabına ödənilir. İstehsalçı tərəfindən büdcə qarşısında öhdəliklərinin ödənilməsi üçün bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş təminatdan (bank qarantiyası və ya depozit) istifadə edilə bilər.

6.1 Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Qeyd. Məlumat forması ixracatçı tərəfindən malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edilir.

Rəhbər _______________

M.Y. Fərdi sahibkar _______________

Baş mühasib _______________

1. 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)

2. 25 avqust 2022-ci il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1026)

3. 30 yanvar 2024-cü il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Xalq” qəzeti, 4 fevral 2024-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 122)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver