Qanunvericilik › “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.10.2012) › Tam mətn

“Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.10.2012)

“Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.10.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.19-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 12 oktyabr 2012-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 165.6-cı maddəsinə əsasən hazırlanmışdır və malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

1.3. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

2.1. Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir:

2.1.1. Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;

2.1.2. mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;

2.1.3. təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, həmçinin bu Qaydaların 2.7-ci bəndi ilə müəyyən edilən digər hallar istisna edilməklə, mallar aparıldığı vəziyyətdə olmalıdır.

2.2. İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır.

2.3. Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri həmin kateqoriya mallara aid normativ hüquqi aktlarla müəyyən edilməlidir.

2.4. Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma vaxtı və faktı, eləcə də həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli şəxsinə sübut edilməlidir. Göstərilən halların sübut edilməsi bəyannaməçiyə həvalə olunur.

2.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz.

2.6. Malların təkrar idxalı zamanı gömrük orqanları malların geriyə gətirilməsinin onları aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan və malların eyniləşdirilməsini sübut və dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən həyata keçirilməsinə icazə verirlər.

2.7. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların saxlanmasını təmin etmək üçün kiçik təmir və sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar da aparıla bilər. Belə əməliyyatlar nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır.

2.8. Mallarım aparılması və gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında müəyyən edilir. Müqavilədə və ya digər sənədlərdə istənilən başqa valyutada göstərilən dəyərin hesablanması, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin günə müəyyən edilmiş rəsmi məzənnəyə uyğun milli valyuta ilə həyata keçirilir.

2.9. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

2.10. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

3.1. Təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi idxalçının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşən gömrük orqanlarında həyata keçirilir.

3.2. Mallar təkrar idxal gömrük proseduru altında yerləşdirildikdə, bəyannaməçi gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:

3.2.1. bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş formada müraciət ərizəsi və gömrük bəyannaməsi;

3.2.2. təkrar idxal olunan mallara tələb olunduqda qanunvericilikdə nəzərdə tutulmuş dövlət orqanlarının icazəsi;

3.2.3. təkrar idxal olunan malların ixrac zamanı rəsmiləşdirildiyi gömrük bəyannaməsinin nüsxəsi.

3.2-1. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi zamanı zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar bəyannaməçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bəyannaməçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bəyannaməçi tərəfindən təmin edilir.

3.3. Təsdiqedici məlumatlar və ya sənədlər olmadığı təqdirdə, malların təkrar idxal proseduru altında yerləşdirilməsinə icazə verilmir.

1. Gömrük orqanının adı __________________________________________

2. Müraciət edən şəxsin rekvizitləri __________________________________

__________________________________________________________________

__________________________________________________________________

3. Gömrük proseduru və əməliyyatlar _______________________________

__________________________________________________________________

4. Mallar haqqında məlumatlar

5. Nəqliyyat qaiməsinin nömrəsi__________________________________

6. Gömrük prosedurlarının və gömrük orqanlarının tələblərinin yerinə yetirilməsi təmin ediləcəkdir

7. Müraciət edən şəxsin təsdiqi

Səlahiyyətli şəxs _________ M.Y.

İmza __________________ Tarix "____" ________ 20___ il

8. Gömrük orqanının qeydləri _______________________________________

__________________________________________________________________

Gömrük orqanının rəisi

və ya onu əvəz edən şəxs M.Y.

İmza ________________ Tarix "____" __________ 20___ il

1. 01 may 2015-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 644)

2. 8 may 2021-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 523)

3. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

4. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver