7.0. Vətəndaşlar, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatları, kənd təsərrüfatı və digər məhsul istehsalçıları mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada, mədəni bitkilərin genetik ehtiyatlarının təbii areallarında qorunub saxlanması, bərpa edilməsi və səmərəli istifadəsi üzrə fəaliyyətdə iştirak edir və aşağıdakı hüquqlara malikdirlər:
7.0.1. müvafiq orqanlardan yerli aqroekosistemlərin vəziyyəti və onlarda baş verən genetik aşınma dərəcəsi haqqında məlumatlar almaq, yerli aqrofitomüxtəlifliyin vəziyyətinin dövlət monitorinqinin aparılmasında iştirak etmək;
7.0.2. yerli aqrofitomüxtəliflik komponentlərinin toplanması və qorunub saxlanması sahəsində fəaliyyətə ictimai nəzarəti həyata keçirmək və müvafiq qaydada icazə verilməmiş bioaraşdırma fəaliyyətinin qanuni yollarla qarşısının alınmasında iştirak etmək;
7.0.3. mədəni bitkilərin genetik ehtiyatlarının əldə edilməsi və onların istifadəsindən alınan gəlirlərin ədalətli bölüşdürülməsində iştirak etmək;
7.0.4. yerli mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, qorunub saxlanması və öyrənilməsi sahəsində müvafiq dövlət və elmi proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmək;
7.0.5. yerli əhali tərəfindən qida məhsulları istehsalı, kənd təsərrüfatı işlərinin aparılması və digər fəaliyyətdə istifadə edilən nadir və nəsli kəsilməkdə olan bitki növləri, eləcə də xalq seleksiyasının yerli sortlarının becərildiyi və mədəni bitkilərin yabanı əcdadlarının təbii bitdiyi ekosistemlərin mühafizəsi üçün xüsusi qorunan ərazilərin təşkil edilməsinin məqsədəuyğunluğu haqqında müvafiq orqanlara təkliflər vermək;
7.0.6. mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının təbii areallarında mühafizəsi, bərpası, çoxaldılması, reintroduksiyası və səmərəli istifadəsi üzrə fəaliyyəti həyata keçirmək.