39.1. Mədəni sərvətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
39.2. Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
39.3. Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə çıxarılmalı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəni sərvətlərə aid edilir.
39.4. Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.
39.5. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir.
39.6. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur.