14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
14.1.1. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
14.1.2. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
14.1.3. dövlət dili normalarına riayət edilməlidir;
14.1.4. irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
14.1.5. terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
14.1.6. əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
14.1.10. sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;
14.1.11-1. saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.12. parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
14.1.13. pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.13-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir;
14.1.14. qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
14.1.15. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
14.1.16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
14.2. Yerüstü yayımçı proqramlarında bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir.
14.3. Yerüstü yayımçı proqramlarında yalnız Şuranın razılığı ilə digər dillərdən istifadə edə bilər.