19.1. Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin çap mediası subyektində nə vaxt və necə dərc olunduğu göstərilir. Çap mediası subyektində təkzib məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik, günaşırı, həftəlik və aylıq yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri-nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.
19.2. Təkzib, cavab və ya düzəliş audiovizual yayımçı tərəfindən tələbin alındığı gündən sonrakı müvafiq proqramda yayımlanır. Bunu tələb edən fiziki şəxsin və ya onun nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin proqramda cavabla çıxış etmək hüququ təmin edilməlidir.
19.3. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələbləri pozmamalıdır.
19.4. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.
19.5. Cavab dərc olunan (yayımlanan) nömrədə (proqramda) həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab sonrakı nömrədə (proqramda) yerləşdirilə bilər.
19.6. Təkzib, cavab və ya düzəliş rədd edildikdə, bu barədə tələb etmiş şəxsə 3 (üç) gün müddətində əsaslandırılmış məlumat verilməlidir.
19.7. Aşağıdakılar təkzib və ya cavab mətnini dərc etməkdən (yayımlamaqdan) imtina üçün əsasdır:
19.7.1. təkzibi tələb olunan məlumat məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə;
19.7.2. təkzibi tələb olunan məlumat və ya materialla bağlı media subyekti tərəfindən şikayətçinin müraciəti əsasında artıq təkzib verilmişdirsə;
19.7.3. təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələbləri pozursa;
19.7.4. təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;
19.7.5. məlumatın və ya materialın media subyekti tərəfindən dərc edilməsindən (yayımlanmasından) bir ay müddətində üzrsüz səbəbdən müraciət edilməmişdirsə.
19.8. Təkzib, cavab və ya düzəlişin verilməsinə görə ödəniş tələb edilmir.
19.9. Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.
19.10. Onlayn mediada təkzib və ya cavabın mətni təkzib və ya cavab vermək hüququnun yaranmasına səbəb olmuş materialın yayımı üsuluna uyğun şəkildə yayımlanmalıdır (eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin onlayn media subyektində nə vaxt və necə yayımlandığı göstərilməlidir.
19.11. Təkzib və ya cavab mətnini orijinal nəşrdə olduğu kimi həmin veb-səhifədə və ya veb-saytın həmin bölməsində yerləşdirmək mümkün olmadıqda, onlayn media subyekti müvafiq materiallar (paylaşımlar) arasında hiperlinklərin yaradılmasını təmin etməli və orijinal mətnin yanında bu materialda (paylaşımda) olan məlumatın təkzib edildiyinə və ya cavab verildiyinə dair bildiriş yerləşdirməlidir.