42.1. Audiovizual yayımın dayanıqlı inkişafını təmin etmək, həmin sahəyə investisiya qoyuluşunu və reklamı təşviq etmək məqsədilə xüsusi qurğularla audiovizual yayımçıların və onlar tərəfindən yayımlanan proqramların auditoriya həcminin araşdırılması Şuranın tələblərinə cavab verən reytinq ölçən təşkilat tərəfindən audiovizual yayımçılarla bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi halda bu maddənin məqsədləri üçün maliyyələşmə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilə bilər.
42.2. Dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) auditoriya həcminin Şuranın tələblərinə cavab verən reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsini təmin etməlidirlər.
42.3. Audiovizual media subyektlərinin və reklam agentliklərinin reytinq ölçən təşkilatın təsisçisi (iştirakçısı) olmasına yol verilmir.
42.4. Reytinq ölçən təşkilat audiovizual proqramların auditoriya həcminin araşdırılmasını aşağıdakı prinsiplər əsasında həyata keçirir:
42.4.1. aparılan araşdırmaların tam və mütəmadi olması;
42.4.2. aparılan araşdırmalar nəticəsində əldə edilən məlumatların toplanması, işlənməsi, saxlanılması və yayımlanmasının beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
42.4.3. aparılan araşdırmaların obyektivliyinin təmin olunması;
42.4.4. aparılan araşdırma zamanı əldə olunan məlumatların toplanma mənbələrinin konfidensiallığının qorunması;
42.4.5. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi.
42.5. Yayımçılar reytinq ölçən təşkilat tərəfindən aparılan araşdırmaların nəticələri barədə hesabatları Şuranın sorğusu əsasında Şuraya təqdim etməlidirlər.