70.1. Media Reyestrinə daxil edilmiş jurnalistlərə Şura tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
70.2. Bu Qanunun 70.1-ci maddəsi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilmir. Xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstərə bilərlər.
70.3. Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni Şuraya təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
70.4. Jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir.
70.5. Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 (üç) iş günü müddətində Şuraya məhv edilməsi üçün təqdim etməlidir.
70.6. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Media Reyestrindən çıxarıldığı gündən ən geci 3 (üç) iş günü müddətində jurnalist vəsiqəsini Şuraya məhv edilməsi üçün təqdim etməlidir.