74.1. Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:
74.1.1. bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır (Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə bu Qanunun yalnız 26.5-ci maddəsinin tələbləri tətbiq olunur);
74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
74.1.4. hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır;
74.1.5. fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır;
74.1.5-1. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınmış olmalıdır;
74.1.6. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır;
74.1.7. bu Qanunun 62.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır;
74.1.8. informasiya agentliklərinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi, həmçinin azı 5 (beş) xarici ölkədə akkreditasiya olunmuş jurnalistləri olmalıdır;
74.1.9. onlayn media subyektləri özlərinin veb-saytlarında bu Qanunun 60.2-ci, çap mediası subyektləri isə özlərinin çap mediası məhsullarında bu Qanunun 63.1-ci maddəsindəki məlumatları düzgün göstərməlidirlər.
74.2. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
74.2.1. ali təhsili olmalıdır;
74.2.2. fəaliyyət qabiliyyətli olmalıdır;
74.2.3. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
74.2.4. məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
74.2.5. media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
74.2.6. işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
74.2.7. işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
74.2.8. jurnalistlərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
74.2.9. işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə bu Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır;
74.2.10. jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq əmək stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
74.2.11. jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
74.2.12. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
74.3. Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, Şura tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir.
74.4. Şura lisenziyanın verildiyi tarixdən 3 (üç) iş günü müddətində həmin audiovizual media subyektləri barədə məlumatları Media Reyestrinə daxil edir.