Qanunvericilik › “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.08.2019) › Tam mətn

“Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.08.2019)

“Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.08.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 16 avqust 2019-cu il

1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun 36.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər xərclərin (bundan sonra – mediasiya xərcləri) dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin birinci cümləsinə əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla) dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

2.3. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən mediatorun və ya mediasiya təşkilatının bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq təqdim etdiyi sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

2.3-1. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərə aşağıdakılar aiddir:

2.3-1.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

2.3-1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.

2.4. Mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim edir:

2.4.1. mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin bu barədə ərizəsinin surəti;

2.4.2. fiziki şəxsin bu Qaydanın 2.3-1-ci bəndində qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənədin surəti;

2.4.3. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin surəti;

2.4.3-1. ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərlə bağlı təsdiqedici sənədlər;

2.4.4. çəkilmiş xərclər barədə hesabat.

2.5. Fiziki şəxsin bu Qaydanın 2.3-1-ci bəndində qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənəd onun müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fiziki şəxs həmin sənədi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yaradılan elektron kabineti vasitəsilə və ya “DOST” mərkəzlərinə müraciət etməklə əldə edə bilər.

2.6. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır.

2.7. Mediasiya Şurası bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş sənədlərə Şuraya daxil olduğu tarixdən 10 iş günü müddətində baxaraq, bu Qaydanın 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş tədbirləri görür.

2.8. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına müraciətin daxil olduğu gündən 5 (beş) iş günü müddətində (bu müddət bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş müddətə daxil edilmir) yazılı bildiriş göndərilir. Çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

2.9. Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir.

2.10. Mediasiya xərclərinin ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, yazılı məlumat verilir:

2.10.1. təqdim olunan sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq aradan qaldırılmadıqda;

2.10.2. təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

3.1. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsait bu Qaydada nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edilə bilməz.

3.2. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsaitin il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə geri qaytarılır.

3.3. Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu Qaydaya uyğun olaraq rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

1. 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2065)

2. 21 sentyabr 2020-ci il tarixli 347 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1220)

3. 19 mart 2021-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 aprel 2021-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 292)

4. 26 fevral 2022-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 177)

5. 19 avqust 2022-ci il tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 20 avqust 2022-ci il, “Xalq” qəzeti, 21 avqust 2022-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1003)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver