Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;
məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır;
məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir;
ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;
məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir;
məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır.
məhkəmə ekspertizası tədqiqatının metodu - məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr sistemidir.