Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır.
Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir.
Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir.
Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir.
Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar.
Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir.
Komission məhkəmə ekspertizası aparılarkən onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertlərin fəaliyyətini əlaqələndirmək, ümumi tədqiqat planını işləyib hazırlamaq, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir.
Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir.
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.