Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur.
Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:
məhkəmə ekspertizasının aparıldığı tarix və yer;
məhkəmə ekspertizasının aparılmasının əsasları;
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs haqqında məlumat;
məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə ekspertizası idarəsi və məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi, tutduğu vəzifə) məlumat;
Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyət barədə ona xəbərdarlıq edilməsi;
məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar;
məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar;
məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat;
istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;
tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.
Məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir. Tədqiqatın gedişatı, şəraiti və nəticələrini özündə əks etdirən sənədlər məhkəmə ekspertizası idarəsində saxlanılır. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin tələbi ilə həmin sənədlər işə əlavə olunmaq üçün onlara göndərilə bilər.
Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır.