Canlı şəxs barəsində məhkəmə ekspertizası aparılarkən güclü ağrıverici təsirlərə malik olan və yaxud şəxsin sağlamlığına mənfi təsir edə biləcək tədqiqat metodlarının, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə səhiyyə praktikasında istifadə edilməsi qadağan olunan metodların tətbiqinə yol verilmir.
Haqqında məhkəmə ekspertizası aparılan şəxs ona qarşı tətbiq olunan tədqiqat metodları və mümkün ola biləcək ağrıverici təsirlər barədə məlumatlandırılmalıdır. Eyni məlumatlar haqqında məhkəmə ekspertizası aparılan şəxsin müvafiq vəsatətlə müraciət etmiş qanuni nümayəndəsinə də verilir.
Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat aparılması məqsədi ilə tibb idarəsində onlardan zəruri olan nümunələr götürülür və bu barədə ekspertin rəyində göstərilir. Nümunələr həmin tibb idarəsinin iki nəfər tibb işçisinin iştirakı ilə həkim və ya digər mütəxəssis tərəfindən götürülür. Könüllülük qaydasında məhkəmə ekspertizasına göndərilmiş şəxslərdən məcburi qaydada nümunələrin götürülməsinə yol verilmir.