Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.
Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir.
Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə və yaxud müvafiq məktubda göstərilməlidir.
Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır.
Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılmalıdır.