11.0. Məhkəmə-Hüquq Şurası aşağıdakı vəzifələri həyata keçirir:
11.0.1. məhkəmələrin təşkil olunmasına dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif verir (olduğu yer və hakimlərin ümumi sayı);
11.0.1-1. məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən edir;
11.0.2. hakim vəzifəsinə namizədlərin seçilməsi işini təşkil edir;
11.0.3. hakimlərin fəaliyyətini və məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işini qiymətləndirir;
11.0.3-1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə uyğun olaraq, məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Azərbaycan Respublikası Ali Məhkəməsinin təklifləri əsasında müəyyən edir;
11.0.4. hakimlərin iş yerinin dəyişdirilməsinə, onların vəzifədə irəli çəkilməsinə, səlahiyyət müddətinin uzadılmasına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla təyin olunmuş hakimlər sırasından Azərbaycan Respublikası məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsinə, habelə bu şəxslərin vəzifədən azad edilməsinə və ya digər vəzifəyə keçirilməsinə dair məsələləri müzakirə edir;
11.0.4-1. hakimlərin öz razılığı ilə 1 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam edilməsinə, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətinin yenidən 1 ilədək uzadılmasına dair məsələləri müzakirə edir;
11.0.4-2. ezam edilmiş hakimi özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarır;
11.0.4-3. hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında inzibati vəzifədə və ya prokurorluq orqanlarında prokurorluq işçisi kimi işləyən şəxs yenidən hakim vəzifəsinə təyin edilmək arzusunu bildirdikdə, onu müsahibədən keçirmək;
11.0.4-4. məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üçün tədbirlər görür, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlayır;
11.0.4-5. hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi üçün tədbirlər görür;
11.0.4-6. məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair ümumiləşdirmələri öyrənir, təhlil edir, məhkəmə statistikası sahəsində statistika hesabatının formasını müəyyənləşdirir, habelə statistika hesabatlarını ümumiləşdirir və dərc edir;
11.0.4-7. birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakiminin onun razılığı ilə 1 ilədək müddətə ezam edilməsi məsələsini müzakirə edir;
11.0.4-8. birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilməsi məsələsini müzakirə edir;
11.0.4-9. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmələrin hakimlərinə məzuniyyət verir;
11.0.5. hakimlərin peşə səviyyəsinin yüksəldilməsi, hakim vəzifələrinə namizədlərin hazırlanması üçün tədbirlər görür;
11.0.7. hakimlərin müstəqilliyinin təmin edilməsi və məhkəmələrin işinə kənar müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;
11.0.8. məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatını həyata keçirir;
11.0.9. məhkəmələrin maddi-texniki təchizatı və maliyyələşdirilməsi üzrə təkliflər verir;
11.0.10. Hakimlərin Etik Davranış Kodeksini təsdiq edir;
11.0.10-1. hakimin xidməti vəsiqəsinin nümunəsini təsdiq edir;
11.0.10-2. Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası haqqında Əsasnaməni təsdiq edir;
11.0.11. hakimlərin təltif olunması, mükafatlandırılması və intizam məsuliyyəti məsələlərinə baxır;
11.0.12. hakimlərin səlahiyyətlərinə xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır;
11.0.12-1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş halda hakimlərin səlahiyyətlərinə xitam verir, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci, 3–5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda, hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir;
11.0.13. daxil olmuş ərizə və şikayətlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin qərarlarından verilmiş şikayətlərə baxır;
11.0.14. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.