Qanunvericilik › Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. İntizam icraatı

Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Məhkəmə-Hüquq Şurası intizam icraatının başlandığı gündən üç ay müddətinə məsələni bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir. Hakim üzrlü səbəblərdən intizam icraatında iştirak edə bilmədikdə və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda bu müddət Məhkəmə-Hüquq Şurasının qərarı ilə uzadılır.

21.2. İntizam icraatının başlanmasına səbəb olmuş məsələ üzrə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən şuranın hakim üzvləri sırasından məruzəçi təyin olunur. Məruzəçi daxil olmuş materialları Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşlarını cəlb etməklə araşdırır, nəticəsi üzrə hazırladığı məruzəni və məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclasına dəvət olunması məqsədəmüvafiq hesab olunan şəxslər barəsində təklifini şuranın sədrinə təqdim edir. Sədr məsələni Məhkəmə-Hüquq Şurasının iclasına çıxarır.

21.3. Məhkəmə-Hüquq Şurasının üzvlərinə və dəvət olunan şəxslərə iclasa ən geci üç gün qalmış iclasın tarixi, vaxtı və yeri barədə xəbər verilir, bu müddətdə Məhkəmə-Hüquq Şurasının üzvləri iclasın gündəliyi və baxılması nəzərdə tutulmuş materiallar ilə tanış edilirlər.

21.4. İntizam məsuliyyəti məsələsinə baxılan hakim iclasa ən geci beş gün qalmış Məhkəmə-Hüquq Şurasının iclasının tarixi, vaxtı və yeri barədə xəbərdar edilir. Bu hakimə iclasın günü barədə müvafiq qaydada xəbər verilmədikdə və ya o, üzrlü səbəblərdən Məhkəmə-Hüquq Şurasının iclasına gəlmədikdə məsələyə baxılması təxirə salınır. İclasın günü barədə müvafiq qaydada xəbərdar edilmiş və materiallarla tanış edilmiş hakim üzrsüz səbəblərdən iclasa gəlmədikdə şura məsələyə onun iştirakı olmadan baxır. Hakimin materiallarla tanış olmaqdan və ya iclasa gəlməkdən imtinası rəsmiləşdirilir.

21.5. İntizam icraatı üzrə Məhkəmə-Hüquq Şurasının iclası Şuranın səsvermədə iştirak etmək hüququ olan hakim üzvlərinin beşi iştirak etdikdə səlahiyyətli sayılır. Məhkəmə-Hüquq Şurasının sədri təyin olunmuş vaxtda iclası açır, gündəliyi elan edir, dəvət olunmuş şəxslərin gəlmələrini yoxlayır, iştirak etməyənlərin gəlməmələrinin səbəblərini araşdırır, materiallara baxılmasının mümkünlüyü məsələsini müzakirə edir, şura üzvlərinə etirazın olub-olmamasını müəyyənləşdirir.

21.6. Məhkəmə-Hüquq Şurasının iclasında intizam icraatı üzrə məsələyə baxılması materiallar üzrə yoxlama aparmış məruzəçinin məruzəsi ilə başlanır. Sonra intizam məsuliyyəti məsələsinə baxılan hakim və iclasa dəvət edilmiş şəxslər dinlənilir, verilmiş vəsatətlərə baxılır, zəruri sənədlər və materiallar tədqiq edilir, araşdırma aparılır, nəticələr müzakirə edilərək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsində nəzərdə tutulmuş qərarlardan biri qəbul olunur.

21.7. Məhkəmə-Hüquq Şurası intizam icraatı üzrə qərar qəbul edərkən faktlara və əhəmiyyət kəsb edən hallara, hakimin yol verdiyi hərəkətin xarakterinə, ağırlıq dərəcəsinə və nəticəsinə əsaslanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver