2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;
2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri;.
2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri;
2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;
2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;
2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalı tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği;
2.1.8. sığorta vəsaiti – bu Qanunun 8-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına formalaşan vəsait;
2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti;
2.1.10. sığorta ehtiyatı – sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsində hesablanan vəsaitdir.