Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul etmiş orqanların aşağıdakı hüquqları vardır:
1) müdafiə olunan şəxslərin təhlükəsizliyinə qorxu yaradan hallar barədə edilən müraciətlər (ərizələr) əsasında zəruri materialları tələb etmək və ya izahatlar almaq;
2) təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlardan əlavə tədbirlərin tətbiqini tələb etmək;
3) həyata keçirilən təhlükəsizlik tədbirlərini tamamilə və ya qismən ləğv etmək.
Təhlükəsizlik tədbirlərini həyata keçirən orqanların aşağıdakı hüquqları vardır:
1) təhlükəsizlik tədbirlərini və onların tətbiqi vasitələrini müəyyən etmək, zəruri hallarda həyata keçirilən tədbirləri dəyişdirmək və ya onlara əlavələr etmək;
2) təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtlərinin əməl olunmasını, habelə bu tədbirlərin tətbiqi ilə əlaqədar təhlükəsizliyi təmin edən orqanların vəzifəli şəxsləri tərəfindən verilən qanuni göstərişlərin yerinə yetirilməsini müdafiə olunan şəxslərdən tələb etmək;
3) təhqiqat orqanına, müstəntiqə, prokurora, məhkəməyə (hakimə) müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirinin tətbiq edilməsi və ya həyata keçirilən təhlükəsizlik tədbirinin ləğvi barədə vəsatət qaldırmaq.
Təhlükəsizliyi təmin edən orqanların aşağıdakı vəzifələri vardır:
1) müdafiə olunan şəxs barəsində edilən hər bir qanunsuz hallar haqqında məlumat daxil olduqda həmin halların aradan qaldırılması üçün dərhal cavab tədbirləri görmək;
2) mövcud təhlükənin xarakterinə uyğun olaraq müdafiə olunan şəxslərin həyatının, sağlamlığının, mənzilinin və əmlakının qorunmasını təmin etmək;
3) təhlükəsizlik tədbirlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar barədə müdafiə olunan şəxsə vaxtında məlumat vermək.