Bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 6-cı, 7-ci, 8-ci (hakimin başqa dövlətin vətəndaşlığını qəbul etməsi və ya digər dövlət qarşısında öhdəlik götürməsi hallarında), 10-cu və ya 11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə intizam icraatına başlayır, Ali Məhkəmənin sədri isə intizam icraatının başlanılması haqqında Məhkəmə-Hüquq Şurasına müraciət edir.
İntizam icraatı nəticəsində bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 6-cı, 7-ci, 8-ci (hakimin başqa dövlətin vətəndaşlığını qəbul etməsi və ya digər dövlət qarşısında öhdəlik götürməsi hallarında), 10-cu və ya 11-ci bəndlərində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edildikdə, habelə bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndində nəzərdə tutulmuş əsas olduqda, Məhkəmə-Hüquq Şurası hakimin səlahiyyətlərinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında qərar qəbul edir. Hakimin səlahiyyətlərinə onu təyin etmiş orqan tərəfindən vaxtından əvvəl xitam verilir.
Bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci, 3–5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən vaxtından əvvəl xitam verilir.
Keçİd müddəaları
1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
2. Bu Qanun qüvvəyə mindiyi gündən onun qəbul edilməsindən əvvəl seçilmiş hakimlərin maddi və sosial təminatı barədə müddəalar istisna edilməklə məhkəmə quruluşuna və hakimlərin statusuna dair qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvədən düşür.
3. Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələri və hərbi qarnizon tribunalları bu Qanunun qüvvəyə mindiyi gündən müvafiq olaraq Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr adlandırılır.
4. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələr bu Qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və yeni prosessual qanunlar qəbul edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər.
5. Bu Qanun qəbul edilənədək seçilmiş Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən, işə baxılan müddətdə isə işə baxılıb qurtardığı gündən bitmiş hesab olunur.
7. Bu Qanunun 96-cı maddəsinin müddəaları 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu şəxslərin səlahiyyət müddətləri başa çatdıqdan sonra yenidən hakim vəzifəsinə təyin edilməsi onların fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir. Fəaliyyəti məqbul qiymətləndirilmiş hakimlər aşağıdakı müddətə yenidən hakim vəzifəsinə təyin edilirlər:
15 ilə qədər hakimlik stajı olanlar - 10 il müddətinə, lakin son yaş həddini - 65 yaşı keçməmək şərti ilə;
15 il və daha çox hakimlik stajı olanlar - son yaş həddinə - 65 yaşınadək.
Səlahiyyəti 10 il müddətinə uzadılmış hakimlərin səlahiyyət müddəti başa çatdıqdan sonra onların səlahiyyətlərinin yenidən uzadılması qiymətləndirmə əsasında bu Qanunla müəyyən edilmiş ümumi qaydada həyata keçirilir.
Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.
8. Müəyyən müddətə hakim vəzifəsinə təyin edilmiş şəxsin digər hakim vəzifəsinə keçirilməsi onun səlahiyyət müddətini artırmır. Hakimlərin iş yerinin dəyişdirilməsi onların təyin olunduqları səlahiyyət müddəti hüdudlarında həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 10 iyun 1997-ci il
№ 310-IQ