Qanunvericilik › Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının təşkili Qaydaları (Vergilər Nazirliyi, 26.08.2003) › Tam mətn

Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının təşkili Qaydaları (Vergilər Nazirliyi, 26.08.2003)

Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının təşkili Qaydaları (Vergilər Nazirliyi, 26.08.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində keçirilən vergi nəzarəti zamanı aşkar edilən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (bundan sonra "malların") dövlət nəfinə keçməsi haqqında məhkəmə orqanlarının qərarlarının qüvvəyə minməsindən sonra qanunvericiliyə uyğun olaraq satışının təşkil olunması qaydalarını müəyyən edir.

1.2. Vergi orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində keçirilən vergi nəzarəti zamanı aşkar edilən malların siyahıya alınması, məsul saxlamaya qoyulması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 228 saylı 25.12.2000-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Aksiz markası ilə markalanmalı olan markalanmamış malların siyahıya alınması və məsul saxlamaya qoyulması Qaydaları"na uyğun olaraq həyata keçirilir.

2.1. Malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış vergi orqanı müvafiq dövlət qurumlarının mütəxəssislərini cəlb etməklə həmin malların istifadəyə yararlı olmasını və bunların topdansatış bazar qiymətlərini müəyyən edir.

2.2. Malların topdansatış bazar qiymətlərini müəyyən edərkən aşağıdakılar nəzərə alınır:

2.2.1. Malın keyfiyyəti və əmtəə göstəriciləri;

2.2.2. Malın qablaşdırılması, komplektliyi, keyfiyyət sertifikatlarının olub-olmaması;

2.2.3. Malın istehsal edildiyi ölkə, istehsal tarixi, saxlama müddəti;

2.2.4. Malların miqdarı;

2.3. Zədələnmiş və qüsurlu halda müsadirə edilmiş malların topdansatış bazar qiymətləri müəyyən edilərkən aşağıdakılar nəzərə alınır:

2.3.1. Mallar öz keyfiyyətini nisbətən itirdikdə, aşınma dərəcəsi;

2.3.2. Xırda qüsurlar olduqda, onun aradan qaldırılmasına sərf olunan vəsaitin həcmi, habelə əmtəənin xarici görünüşünün itirilməsi dərəcəsi;

2.3.3. Bazarda analoji keyfiyyətli mallara olan tələbat, qiymətlər və sair.

2.4. Müsadirə edilmiş malların istifadəyə yararlığı və qiymətlərinin müəyyən edilməsi üçün onlar laboratoriyalara verildikdə laboratoriya tədqiqatlarının nəticələri əks olunan akt alındıqdan sonra həmin malların topdansatış bazar qiymətləri müəyyən edilir.

2.5. Müsadirə edilmiş malların istifadəyə yararlığı və qiymətlərinin müəyyən edilməsi üçün ekspertiza işə baxan hakim tərəfindən təyin edildikdə, məhkəmə qərarına əsasən icra sənədini almış vergi orqanı, həmin malların satışını, keçirilmiş ekspertizanın nəticələrinə əsaslanaraq təşkil edir.

2.6. Müsadirə edilmiş malların qiymətləri Azərbaycan Respublikasının milli valyutası ilə manatla göstərilir.

2.7. Müsadirə edilmiş malların satışı zamanı cəlb edilmiş ekspertlərin əməyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.

3.1. Malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış vergi orqanı müsadirə olunmuş malların miqdarına uyğun olaraq "Müsadirə" aksiz markalarının Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən alınması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edir.

3.2. Vergi orqanı "Müsadirə" aksiz markalarını aldıqdan sonra müsadirə olunmuş malların həmin markalarla markalanmasını təmin edir.

4.1. Müsadirə edilmiş malların yenidən qiymətləndirilməsi vergi orqanı tərəfindən "Qiymətləndirilmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mütəxəssislər cəlb etməklə həyata keçirilir.

4.2. Müsadirə edilmiş malların yenidən qiymətləndirilməsinə aşağıdakı hallarda yol verilir:

4.2.1. Müsadirə edilmiş malların saxlanma müddəti və saxlanma şəraiti nəzərə alınmaqla ilkin qiymətləndirmədən sonrakı 30 gün müddətində satılmadıqda;

4.2.2. Müsadirə edilmiş malların keyfiyyətində və əmtəə görünüşündə mənfi dəyişikliklər baş verdikdə.

4.3. Müsadirə edilmiş malların yenidən qiymətləndirilməsi həmin malları satış üçün qəbul etmiş vergi ödəyicisinin anbarında həyata keçirilir.

Malları satış üçün qəbul etmiş vergi ödəyicisi həmin malların ilkin müəyyən olunmuş qiymətlərlə satılmaması səbəblərini göstərməklə onun yenidən qiymətləndirilməsinə göstəriş vermək üçün vergi orqanına yazılı şəkildə təkliflər verir.

Vergi orqanının rəhbəri Vergilər Nazirliyi ilə razılaşdırılmaqla müsadirə edilmiş malların yenidən qiymətləndirilməsini təşkil edir.

4.4. Vergi orqanı müsadirə edilmiş malların tez satılmasını, habelə onların anbarlarda və ticarət obyektlərində yığılıb qalmasını istisna edən qiymətləndirmə siyasəti yeritməyə borcludur.

5.1. Vergi orqanı müsadirə edilmiş malların satışını tütün məmulatlarının və spirtli içkilərin satışı üçün xüsusi razılığı (lisenziyası) olan vergi ödəyicilərinə (bundan sonra "satıcıya") məxsus ticarət obyektlərində təşkil edir.

5.2. Satıcı müsadirə edilmiş malların satışına könüllülük əsasında cəlb edilir. Vergilər Nazirliyi ildə bir dəfə belə satıcıların siyahısını təsdiq edir.

5.3. Müsadirə edilmiş malların satışının təşkil olunması üçün satıcı tərəfindən vergi orqanına aşağıdakı sənədlər təqdim olunur:

5.3.1. Satışını təşkil etmək istədiyi mallar göstərilməklə vergi orqanının rəhbərinin adına yazdığı müraciət;

5.3.2. Malı qəbul edən şəxsin adına onun bilavasitə təmsil etdiyi vergi ödəyicisi tərəfindən verilmiş etibarnamə;

5.3.3. Müvafiq dövlət orqanlarından alınmış xüsusi razılığın (lisenziyanın) və eyniləşdirmə nömrəsini təsdiq edən sənədlərin surətləri.

5.4. Vergi orqanları ilə satıcılar arasında münasibətləri tənzimləyən müqavilə bağlanır.

5.5. Müsadirə edilmiş mallar məsul saxlamağa qəbul etmiş şəxsdən və ya vergi orqanının saxlama anbarından satıcıya qaimə - fakturaya əsasən buraxılır. Qaimə - fakturada bu qaydaların 2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş qiymətlər göstərilir.

5.6. Satış üçün verilmiş mallar satıldıqca əldə olunan vəsait satıcı tərəfindən Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq müvafiq hesaba köçürülür.

5.7. Satıcı müsadirə edilmiş malların qəbul edilməsi və satılması haqqında bu qaydaların 1 N-li Əlavəsi ilə müəyyən edilmiş formada vergi orqanına hər ay üçün növbəti ayın 10-a qədər hesabat verir.

6.1. Müsadirə edilmiş mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və sair səbəblərdən istifadə edilə bilmədikdə onların silinməsi və məhv edilməsi, ekspertlərin və digər ixtisaslaşmış laboratoriyaların həmin malların istifadə üçün yararsız olması barədə rəyi alındıqdan sonra həyata keçirilə bilər.

Vergilər Nazirliyinin 25 dekabr 2003-cü il

tarixli A 162 N-li əmri ilə təsdiq edilmiş

qaydalara 1 saylı əlavə

Hesabat hər ay üçün aydan sonrakı

ayın 10-dək təqdim edilir

____________________________________________________________________________________

___________________________________________________ VÖEN: __________________________

(vergi ödəyicisinin tam adı)

Ünvanı _____________________________________________ Tel N __________________________

20 ___ ilin __________ ayı üçün müsadirə edilmiş aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların qəbul edilməsi və satılması haqqında

1. Ayın əvvəlinə qalıq _______________________________________________________________

2. Qəbul olunmuşdur ________________________________________________________________

3. Satılmışdır ________________________________________________________________________

4. Yenidən qiymətləndirilmişdir _______________________________________________________

(qiymətləndirilmə aktının tarixi və məbləğ fərqi)

5. Ayın sonuna qalıq _________________________________________________________________

Hesabata satışdan əldə olunan vəsaitlərin müvafiq hesaba ödənilməsi haqqında ödəniş sənədlərinin surətləri ______ vərəqədə əlavə edilir.

Hesabatın təqdim edildiyi tarix "___" _______________ 20____il

(onun səlahiyyətli nümayəndəsi) _______________ ________________________

(imza) (Soyadı, adı, atasının adı)

Hesabatın vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər

Tarix "____"_______________20____il Qeydiyyat nömrəsi __________

_________________________________________________ _____________

(Hesabatı qəbul edən şəxsin soyadı, adı, atasının adı ) (imza)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver