1.1. Bu Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 saylı “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Qərarının 2-ci bəndinin tələblərini icra etmək məqsədilə Azərbaycan Respublikasının Vergi və Mülki Məcəllələrinə uyğun hazırlanmışdır.
1.2. Bu Təlimat Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa vergi orqanları tərəfindən öz səlahiyyətləri çərçivəsində keçirilən vergi nəzarəti zamanı aşkar edilən və sahibini müəyyən etmək mümkün olmayan əmlakın götürülməsi, saxlanılması, uçotu və həmin əmlakın məhkəmə qərarının qüvvəyə minməsindən sonra aidiyyatı üzrə təhvil verilməsi qaydalarını müəyyən edir.
2.1. Vergi orqanının vergi nəzarətini həyata keçirən vəzifəli şəxsləri tərəfindən nəzarətin həyata keçirildiyi zaman sahibini müəyyən etmək mümkün olmayan əmlak (bundan sonra “əmlak”) aşkar edildikdə vergi orqanının nümayəndələrinin və azı iki nəfər müşahidəçinin iştirakı ilə akt tərtib edilir.
2.2. Aktda vergi orqanının hüquqi adı, əmlakı aşkar etmiş səlahiyyətli şəxslərin soyadları, adları, atalarının adları və vəzifələri, aktın tərtib edildiyi tarix və yer, müşahidəçilər və dəvət olunmuş mütəxəssislər, əmlakın adı, fərqləndirici əlamətləri, mənşə mənbəyi, Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilən ölçü vahidi, miqdarı haqqında məlumatlar əks etdirilir.
2.3. Əmlak hər hansı vergi ödəyicisinə məxsus obyektdə aşkar edilmişdirsə obyektin sahibindən və ya onun səlahiyyətli nümayəndəsindən aşkar edilmiş əmlak barəsində yazılı izahat alınır.
2.4. Aktın tərtib olunması prosesində vergi orqanının vəzifəli şəxsi müşahidəçilərə, mütəxəssislərə, obyektin sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə onların hüquq və vəzifələrini izah edir.
2.5. Əmlak vergi ödəyicisinə məxsus obyektdə aşkar edilmişdirsə onlar aşkar edilən obyektdə məsul saxlamağa qoyulur.
2.6. Vergi ödəyicisi əmlakı məsul saxlamağa qəbul etməkdən imtina etdikdə, vergi ödəyicisinin əmlakı saxlamaq üçün müvafiq şəraiti olmadıqda və ya sahibsiz əmlak hər hansı vergi ödəyicisinə məxsus ərazidən kənarda aşkar edilmişdirsə vergi orqanının vəzifəli şəxsləri tərəfindən protokol tərtib edilərək, əmlak imkan daxilində qablaşdırılır, möhürlənir və götürülür. Vergi ödəyicisi aktı və ya götürmə protokolunu imzalamaqdan imtina etdikdə bu barədə aktda və ya protokolda müvafiq qeyd aparılır.
2.7. Əmlakın götürülməsi haqqında protokol vergi orqanının nümayəndələrinin, müşahidəçilərin və mütəxəssislərin imzaları ilə təsdiqlənir.
2.8. Əmlakın aşkar edilməsi barədə akt, əmlakın götürülmə protokolu və yazılı izahatlar əmlakın aşkar edildiyi gün vergi nəzarətini həyata keçirən vergi orqanının rəhbərinə (rəhbərin müavininə) təqdim olunur.
2.9. Götürülmüş əmlak digər vergi ödəyicisinə məsul saxlamağa və ya vergi orqanı tərəfindən müəyyən olunmuş saxlama anbarına vergi nəzarətini həyata keçirən vergi orqanının rəhbərinin (rəhbərin müavininin) qərarına əsasən təhvil verilir. Əmlak məsul saxlamağa təhvil verilərkən “Əmlakın məsul saxlamağa qoyulması barədə akt” tərtib edilir.
2.10. Vergi orqanının vergi nəzarətini həyata keçirən vəzifəli şəxsləri tərəfindən nəzarətin həyata keçirildiyi zaman aşkar edilən sahibini müəyyən etmək mümkün olmayan pul və qiymətlilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) maliyyə xidmətinə təhvil verilir.
2.11. Pul və digər qiymətlilərin maliyyə xidmətinə təhvil verilməsi həmin qiymətlilərin götürülməsi haqqında protokol əsasında qanunvericiliklə müəyyən olunmuş kassa mədaxil orderi və müvafiq qəbz formaları doldurulmaqla həyata keçirilir.
2.12. Bütün hallarda əmlak məsul saxlamağa qoyulmaq üçün təhvil verildikdə, saxlamağa görə cavabdeh olan şəxs əmlakın özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə müvafiq qanunvericiliyə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilməlidir.
2.13. Vergi nəzarətini həyata keçirən vergi orqanının rəhbəri (rəhbərin müavini) tez xarab olan və ya istifadə müddəti bitmək üzrə olan əmlakın müvafiq dövlət qurumlarının mütəxəssislərini cəlb etməklə qanunvericiliyə uyğun olaraq, qiymətləndirilməsi və satışının təşkil olunması barədə qərar qəbul edir. Həmin əmlakın satışından əldə olunan vəsaiti məhkəmənin müvafiq qərarınadək saxlanılmaq üçün 3 bank günündən gec olmayaraq Dövlət Vergi Xidmətinin müvafiq depozit hesabına köçürülür.
2.14. Əmlakın saxlanılması (bu Təlimatın 2.13-cü bəndində nəzərdə tutulan halda satışı) ilə bağlı xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
2.15. İstifadə müddəti bitmiş və ya istfadəyə yararsız olan əmlakın məhv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
2.16. Əmlakı məsul saxlamağa qəbul etmiş şəxs öz təşəbbüsü ilə və ya vergi orqanının tələbi ilə həmin əmlakın istifadə müddəti və ya istifadəyə yararlı olması barədə vergi orqanına məlumat təqdim edir.
3.1. Vergi orqanının vergi nəzarətini həyata keçirən vəzifəli şəxsləri tərəfindən nəzarətin həyata keçirildiyi zaman müvafiq qaydada götürülmüş əmlakın uçotu vergi orqanında həmin əmlakın müəyyən edilməsini, götürülməsini, məsul saxlamağa təhvil verilməsini, məhv edilməsini və satılmasını əks etdirən sənədlər əsasında, xüsusi açılmış “Sahibini müəyyən etmək mümkün olmayan siyahıya alınmış əmlakın qeydiyyatı kitabı”nda (əlavə 1) aparılır.
3.2. Əmlakı məsul saxlamağa qəbul etmiş şəxs həmin əmlakın uçotunu xüsusi açılmış “Məsul saxlamağa qəbul edilmiş əmlakın qeydiyyatı kitabı”nda (əlavə 2) əks etdirməklə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparır.
4.1. Əmlakın sahibinin müəyyən edilməsi və ya onun dövlət mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
4.2. Vergi orqanı əmlakın dövlət nəfinə keçməsi haqqında məhkəmə orqanlarının qanuni qüvvəyə minmiş qərarını aldıqda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq ərazi üzrə struktur bölməsinə məhkəmənin qərarı barədə 5 gün müddətində məlumat verir və məhəkəmənin qərarı ilə əmlakı məsul saxlamağa qəbul etmiş şəxsdən aidiyyatı üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada təhvil verilməsini təşkil edir.
4.3. Məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarı ilə əmlakın sahibi müəyyən edildikdə, həmin əmlak sahibinə və ya onun vəkalət verdiyi şəxsə 20 gün müddətində onun müraciəti əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada qaytarılır.
Əmlak bu Təlimatın 2.13-cü bəndində göstərilən qaydada satılmışdırsa, həmin Təlimatın 2.14-cü bəndində göstərilənlər nəzərə alınmaqla satışdan əldə olunan vəsait sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə) qaytarılır.
Götürülmüş əmlak o zaman geri qaytarılır ki, əmlakın sahibi və ya onun vəkalət verdiyi şəxs müvafiq qərarı aldığı gündən 10 il müddətində müvafiq orqana müraciət etmiş olsun.
5.1. Əmlakı məsul saxlamağa qəbul etmiş şəxs həmin əmlakın saxlanılmamasına, uçotunun düzgün aparılmamasına, istifadə edilməsinə, bilərəkdən korlanılmasına, gizlədilməsinə, mənimsənilməsinə, özgəninkiləşdirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
5.2. Əmlakı məsul saxlamağa qəbul etmiş şəxs tərəfindən əmlakın tələb olunan səviyyədə saxlanılmasına vergi orqanı mütəmadi nəzarət edir.