“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarının 2-ci bəndinə və Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinə uyğun olaraq Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarının tənzimlənməsi məqsədilə,
1. “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 04.12.2002-ci il tarixli 453 nömrəli əmrinin 2-ci və 4-cü bəndləri ləğv edilsin.
3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2013-cü il 14 avqust tarixli “Q27-001-13” nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Təlimat “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinə uyğun hazırlanmışdır.
1.2. Bu Təlimat daxili işlər orqanları tərəfindən aparılan təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əşyalara, pullara və digər qiymətlilərə (bundan sonra - əmlak) şamil edilir, onların uçotu, saxlanılması, qaytarılması və dövlət mülkiyyətinə verilməsi qaydalarını müəyyən edir.
1.3. Aşağıdakı əmlak uçota götürülür və saxlanılır:
1.3.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;
1.3.2. Azərbaycan Respublikasının və digər dövlətlərin orden və medalları;
1.3.3. milli və xarici valyutada olan pul vəsaitləri, bank kartları;
1.3.4. sənədli qiymətli kağızlar, çeklər, konosamentlər, lotereya biletləri, əmanət kitabçaları;
1.3.5. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət tullantılarında, sikkələrdə, qırıntılarda, tullantılarda olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, rodium və ritenum);
1.3.6. qiymətli daşlar - işlənilmiş şəkildə olan almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;
1.3.7. qiymətli metallardan və qiymətli daşlardan və qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və məişət əşyaları;
1.3.8. korpusu qiymətli metallardan olan bütün sistemlərdən olan saatlar;
1.3.9. dini ibadət (ayin) əşyaları;
1.3.10. mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar;
1.3.11. adları çəkilməyən digər qiymətlilər.
2.1. Təlimatın 1.3-cü bəndində göstərilən, lakin maddi sübut sayılmayan əmlak şəxslərdən götürüldükdən sonra 1 iş günü ərzində əməliyyat işçiləri tərəfindən polis orqanlarının maliyyə xidmətinə təhvil verilməlidir. Maliyyə xidməti olmayan polis orqanlarında qeyd olunan əmlak təhqiqat və ibtidai istintaq aparan əməkdaşlar tərəfindən üç gün müddətində tabeçiliyi üzrə daxili işlər orqanlarının maliyyə xidmətinə təhvil verilir.
2.2. Əmlakın maliyyə xidmətinə təhvil verilməsi axtarış (baxış və ya götürülmə) haqqında protokol və ya qərar əsasında müvafiq olaraq “Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1) və “Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi” (forma № QQ-2) doldurulmaqla həyata keçirilir. Maddi sübut sayılan əmlak maliyyə xidmətinə verildikdə onlara ayrıca “QQ-1” və ya “QQ-2” formalı qəbzlər yazılır və həmin qəbzlərin yuxarı sağ küncündə “maddi sübut” sözləri yazılır.
2.3. Maddi sübut sayılan əmlak saxlama kamerasına yalnız müstəntiqin qərarı əsasında, “Maddi sübut sayılan pulların və qiymətli əşyaların qəbulu qəbzi” (forma № QQ-3) doldurulmaqla təhvil verilir. Qərarda cinayət işinin nömrəsi, başlanma tarixi, cinayət məsuliyyətinə cəlb edilən şəxs haqqında məlumatlar, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olmadıqda isə cinayətin qısa məzmunu, təhvil verilən maddi sübutların dəqiq adları (adı, çəkisi, növü, əmtəə markası, həcmi, çeşidi və s.) göstərilməlidir.
2.4. Maddi sübutlar partlayıcı, zəhərləyici, radioaktiv maddə şəklində olarsa aidiyyəti dövlət təşkilatlarına verilir. Odlu və soyuq silahlar, patronlar ekspert yoxlamasından sonra Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına təhvil verilir.
2.5. Partlayıcı, zəhərləyici, radioaktiv maddələr, odlu və soyuq silahlar, patronlar saxlanılmağa aktla təhvil verilir. Aktlar 2 nüsxədə tərtib olunur, aktın bir nüsxəsi cinayət işinə tikilir, ikinci nüsxə maddi sübutları saxlamağa götürən təşkilata verilir.
2.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə müvafiq olaraq “Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi” (forma № QQ-1), “Təhqiqat və ibtidai istintaq dövründə götürülmüş qiymətli əşyaların qəbulu qəbzi”nin (forma № QQ-2), “Maddi sübut sayılan pulların və qiymətli əşyaların qəbulu qəbzi”nin (forma № QQ-3) forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.
2.7. Milli və xarici valyuta ilə nağd pullar, bank kartları, sənədli qiymətli kağızlar, çeklər, konosamentlər, lotereya biletləri, əmanət kitabçaları götürüldüyü andan 7 (yeddi) gündən gec olmayaraq maliyyə xidməti tərəfindən zərflərə qoyulub polis orqanının rəisi və maliyyə xidmətinin rəisi tərəfindən imzalanmış müşayiət məktubu ilə həmin polis orqanının xidmət olunduğu xəzinədarlıq orqanının Agent-Bankına təhvil verilir. Milli və xarici valyuta ilə nağd pullar polis orqanının depozit xəzinə hesab kitabına köçürülür. Əmlakın zərflərə qoyulması onları təhvil verən əməkdaşın və 3 nəfər digər əməkdaşın şahidliyi ilə həyata keçirilir və həmin şahidlər bunu imzaları ilə zərfin üzərində təsdiq edirlər. Zərfin və qutunun üzərində habelə əşya sahibinin soyadı, adı, ata adı,hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, sənəd (qəbz) nömrəsi və tarixi göstərilir. Zərfin müşayiət məktubu 2 nüsxədə yazılır, həmin məktubda əmlakın adı, nömrəsi, nominal dəyəri, ümumi məbləği, qəbz nömrəsi və tarixi göstərilir.
2.8. Qiymətli əşyalar iş üzrə maddi sübut hesab edilərsə, bu əşyalarla əlaqəli istintaq hərəkətləri başladıqda dərhal əməliyyat-istintaq işçiləri həmin əşyaları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən ekspertizadan keçirilməsini təmin edirlər. Əşya əyarı, növü, çəkisi və digər əlamətləri müəyyən edildikdən sonra möhkəm materiala bükülüb qablaşdırılaraq surğucla möhürlənir. Qabın üzərində həmin əşyaların sahibinin soyadı, adı, atasının adı, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, mədaxil qəbzinin nömrəsi və tarixi göstərilir. Qabın içindəkilər qəbul edənin və təhvil verənin imzaları ilə təsdiq olunur.
2.9. Daxili işlər orqanlarının maliyyə xidmətində götürülmüş pulların balansda əks etdirilməsi üçün xüsusi subhesab açılır, eyni zamanda götürülmüş pulun və digər qiymətlilərin uçotu xüsusi, səhifələri nömrələnmiş, qaytanlanmış, möhürlənmiş və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuş kitabda və dövriyyə cədvəllərində aparılır.
Bu zaman qızılın miqdarı sikkə, pulun məbləği isə milli və ya xarici valyuta ilə göstərilir. Məsələn:
qızıl sikkə 10 ədəd 5 manatlıq;
ABŞ dolları kağızla 10 ədəd 5 dollarlıq və s.
2.10. Qəbul olunmuş pulun mədaxil və məxaric sənədləri ümumi qaydada pul sənədləri ilə bir yerdə saxlanılır, qiymətli əşyaların sənədləri isə ayrı-ayrı zərflərdə uçot kitabındakı qayda üzrə saxlanılır. Hər bir zərf üzərində əmlakın uçot kitabındakı sıra nömrəsi və səhifəsi göstərilməklə qeydiyyat aparılır.
2.11. Saxlanma kamerasında verilən maddi sübutların uçotu səhifələri nömrələnmiş, qaytanlanmış, möhürlənmiş və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş kitabda aparılır.
2.12. Maddi sübutlar saxlama kamerasına təhvil veriləndə müvafiq cinayət işi üzrə əmlak işi açılır ki, onlara da qəbzlərin nömrəsi tətbiq edilir. Bu işdə maddi sübutların uçotuna, hərəkətinə aid olan bütün sənədlər icmallaşdırılır (qəbulu, qaytarılması, göndərilməsi və s.).
2.13. Maddi sübutların sahibinə qaytarılmasından, dövlət mülkiyyətinə verilməsindən və ya məhv edilməsindən sonra, əmlak işlərinə dair sənədlər daxili işlər orqanlarında 10 il saxlanılır.
3.1. Daxili işlər orqanları tərəfindən təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əmlak törədilmiş cinayət işinə aidiyyatından, xüsusiyyətlərindən, qiymətindən, ölçüsündən asılı olaraq, cinayət işinin içində, saxlama kameralarında, daxili işlər orqanlarının maliyyə xidmətlərində, banklarda və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlərdə saxlanılır. Bu zaman əmlakın saxlanılmasına daxili işlər orqanlarının rəhbərliyi tərəfindən müəyyən edilmiş şəxslər məsuliyyət daşıyır. Daşınmaz əmlakların (ofis və obyekt) bütün giriş və çıxışları möhürlənərək (plomblanaraq) mühafizəyə götürülür. Nəqliyyat vasitələri mühafizə olunan duracağa təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak barədə daşınmaz əmlakın dövlət reyestrinə, daşınar əmlak barədə isə müvafiq daşınar əmlakın rəsmi reyestrinə məlumat verilir.
3.2. Təlimatın 1.3-cü bəndində göstərilən maddi sübut sayılan əmlak, eləcə də qəbz kitabçaları dəmir şkaf və seyflərdə, oğurlanmaqdan və xarab olmaqdan qorunmasına tam təminat verilən otaqlarda (saxlama kamerasında) saxlanılmalıdır. Həmin əmlak saxlanılan dəmir seyf, şkaf, habelə anbar və otaqlar iş vaxtından sonra möhürlənib, plomblanıb mühafizə üçün təhvil verilməlidir. Saxlama kamerasına təhvil verilmiş maddi sübutların üzərinə xırda fanerdən yarlıqlar düzəldilməlidir ki, həmin yarlıqda cinayət işinin nömrəsi, təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda törədilmiş cinayətin qısa məzmunu, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı hüquqi şəxsin adı və təşkilati-hüquqi forması qeyd edilir.
3.3. Təlimatın 1.3-cü bəndində adları çəkilməyən, lakin maddi sübut hesab edilən qiymətlilər cinayət işində və ya daxili işlər orqanlarının maddi sübutlar saxlanılan kameralarında yerləşdirilir.
3.4. Təlimatın 1.3-cü bəndində adları çəkilməyən, maddi sübut sayılmayan şəxsi əşyalar aktlaşdırılaraq daxili işlər orqanlarının növbətçisində saxlanılır. Bu əşyalar şəxslə birlikdə istintaq təcridxanasına göndərilir və ya azad olunduqda sahibinə qaytarılır.
3.5. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər tutularkən onların üstündə olan orden, medal və bunlara aid sənədlər aktla rəsmiləşdirilərək onlardan alınmalıdır. Axtarış və ya götürmə protokolunda onlardan alınan orden və medalların, eləcə də onlara aid sənədlərin adları və nömrələri göstərilir. Alınmış medal, orden və onların sənədləri zərfə qoyularaq möhürlənmiş vəziyyətdə məhkəmə qərarına kimi saxlanmaq üçün, alındığı gündən 1 gündən gec olmayaraq müşayiət məktubu ilə həmin polis orqanının maliyyə xidmətinə göndərilir.
3.6. Müvəqqəti saxlama yerlərinə yerləşdirilən şəxslərdən alınmış orden, medal və bunlara aid sənədlər, həmin müvəqqəti saxlama yerinə xidmət edən maliyyə xidmətində saxlanılır. Şəxslər müvəqqəti saxlama yerindən istintaq təcridxanalarına keçirildikdə, orden, medal və sənədlər müşayiət məktubu ilə həmin istintaq təcridxanalarının maliyyə xidmətinə göndərilir. Müşayiət məktubunda şəxsin soyadı, adı, atasının adı, təvəllüdü, doğulduğu yer, orden, medalların sənədlərinin adı, nömrəsi göstərilir. Məktubun surəti cinayət işinə və şəxsin şəxsi işinə tikilir.
3.7. Şəxslərdən götürülmüş şəxsi sənədlər iş üzrə maddi sübut hesab edilirsə, müvafiq qaydada zərfə qoyularaq möhürlənmiş vəziyyətdə cinayət işinə əlavə edilməli, əgər bu sənədlər iş üzrə maddi sübut sayılmırsa şəxslərin özünə, onun qanuni nümayəndələrinə qaytarılmalı və yaxud aidiyyatı təşkilatlara göndərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 155.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur.
3.8. Maddi sübut cinayət törətmə üçün alət olubsa sahibinə qaytarılmır. Qıfıl qırmaq, qapı sındırmaq, divar uçurmaq, baqaj oğurlamaq, çamadan açmaq, cib kəsmək və sair bu kimi əməllər üçün uyğunlaşdırılmış alətlər, əldə düzəldilmiş silah, bıçaq və sairlər cinayət işinin arayışı ilə birlikdə kriminalistik tədqiqatlar şöbəsinə təhvil verilir.
3.9. Qiymətli əşya sayılmayan maddi sübut kimi götürülmüş digər əmlak komisyon qaydada akt tərtib edilməklə saxlanılmaq üçün saxlama kamerasına təhvil verilməlidir.
3.10. Maddi sübut kimi götürülmüş heyvanlar, məhkəmə və istintaq orqanları qərar çıxarana qədər akt tərtib edilməklə sahibinə qaytarılır, əgər bu mümkün olmazsa, aktla həmin sahədə yerləşən heyvandarlıq təsərrüfatlarına təhvil verilir.
3.11. Daxili işlər orqanı təhqiqat və ibtidai istintaq dövründə şəxslərdən götürülmüş əmlakın tam saxlanılmasını təmin etməli və əmlakın istifadəsinə qətiyyən yol verməməlidir.
3.12. İstintaq hərəkətlərinin aparılması üçün maddi sübutlar maliyyə xidmətindən, eləcə də saxlama kamerasından təhqiqat və ya ibtidai istintaq aparan şəxsə verilir. Bu zaman əşyaların verilməsi aktla rəsmiləşdirilir.
3.13. Cinayət işinin bir müstəntiqdən başqa müstəntiqə, bir istintaq orqanından digər istintaq orqanına, eləcə də bir məhkəmədən digər məhkəməyə verilməsi ilə əlaqədar götürülmüş əşyalar istintaq orqanlarının razılığı ilə müvafiq cinayət işinə əlavə edilir və ya ilkin saxlanıldığı yerdə saxlanılır.
3.14. Üzərində qan ləkəsi, yaxından atılmış güllə yeri olan maddi sübutlar təhqiqat aparıldıqdan sonra səliqə ilə müvafiq yerlərdə saxlanılır. Üzərində barmaq, əl, ayaq, diş və ya maşın izi olan əşyaların foto şəkili çəkilir və tərpənilməmək şərti ilə səliqəli yığılır ki, onda olan izlər itməsin.
3.15. Eskpertizaya veriləsi kağız və sənədlər üzərində heç bir qeydiyyat edilmədən, qatlanmadan bütün uzunluğuna 2 karton vərəq arasında müvafiq ölçüdə zərflərə qoyulur.
3.16. Təhqiqat və ibtidai istintaq zamanı götürülmüş əmlak istintaq orqanlarının qərarı və ya məhkəmə orqanlarının bu haqda yekun qərarının qanuni qüvvəyə mindiyi günə kimi saxlanılır. Əgər məhkəmənin qərarında bu əşyalar haqda heç bir məlumat olmazsa, dərhal qərar çıxaran məhkəməyə və ya istintaq orqanına müraciət edib, bu haqda onun qərarı tələb edilməlidir.
4.1. Əmlak məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs məhkəmənin hökmü ilə bəraət qazandıqda və ya cinayət təqibini istisna edən hallar üzrə cinayət təqibinə xitam verildikdə sahibinə qaytarılır.
4.2. Əmlak məhkəmənin hökmü (qərarı) və ya istintaq orqanının qərarı qüvvəyə mindikdə sahibinə və yaxud onun vəkalət verdiyi şəxsə, onların ərizə ilə müraciətindən sonra 20 gün ərzində əmlakın təhvil verilməsi barədə qəbz təqdim edilməklə, kassa məxaric orderi əsasında qaytarılır. Qəbz itirilmiş olarsa, əmlak şəxsin müraciət ərizəsinə əsasən qaytarılır. Bu zaman pulun məbləği və ya sənədli qiymətli kağızların nominal dəyəri və təhvil verilmə tarixi ərizədə göstərilməlidir. Əmlakın qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır.
4.3. Əmlakın sahibinə qaytarılması o halda həyata keçirilir ki, məhkəmənin bəraət hökmü və ya cinayət təqibini istisna edən hal barədə bildiriş təqdim ediləndən sonra 10 il ərzində o, ərizə ilə daxili işlər orqanlarına müraciət etmiş olsun. Əgər göstərilən müddət ərzində əmlak sahibi və ya vəkalətnamə ilə başqa şəxs həmin əmlakın qaytarılması üçün müraciət etməzlərsə, əmlakın dövlət mülkiyyətinə keçməsi üçün zəruri tədbirlər görülür.
4.4. Cinayət işinin xitam olunması və ya məhkəmənin bəraət hökmü olan hallarda alınmış medal, orden və onlara aid sənədlər sahibinə təhvil verilmə barədə qəbz, qəbz olmadıqda isə sahibinin müraciət ərizəsi əsasında qaytarılır.
4.5. Əmlak aşağıdakı hallarda dövlət mülkiyyətinə keçirilir:
4.5.1. Əmlaka münasibətdə xüsusi müsadirə tətbiq edilməsi barədə məhkəmə hökmü (qərarı) qanuni qüvvəyə mindikdə;
4.5.2. Əmlak bu Təlimatın 4.3-cü bəndində nəzərdə tutulan müddət ərzində tələb edilmədiyi halda;
4.5.3. Əmlakın sahibini müəyyən etmək mümkün olmadıqda (sahibsiz əmlak).
4.6. Əmlakın dövlət mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.7. Qiymətli əşyaların qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli qurumlara göndərilməsi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vasitəsi ilə həyata keçirilir. Qiymətli əşyalar qutuya qoyularaq möhürlənmiş vəziyyətdə müşayiət məktubu ilə göndərilir. Məktuba əmlakın siyahısı barədə aktın bir nüsxəsi əlavə olunur. Qutuya qoyulan əşyaların düzgünlüyünü təsdiq etmək üçün daxili işlər orqanlarının ən azı 3 əməkdaşından ibarət komissiya tərəfindən qutu üzərində və müvafiq aktda imza edilir.
4.8. Göndərilən qiymətli əşyaların tam saxlanılmasını təmin etmək məqsədilə onlar möhkəm kağıza bükülüb taxta qutuya qoyulur, qutunun üstü parça ilə tikilib surğuclanır. Qiymətli əşyaların hamısı bir ünvana göndərildikdə bir qutuya bir neçə zərf əlavə edilə bilər. Göndərilən qutunun üzərində qiymətləndirilmiş məbləğ, komissiya üzvlərinin və işçi qrupunun imzaları, alan təşkilatın tam ünvanı, müşayiət məktubunun nömrəsi və göndərən orqanın tam ünvanı göstərilir.
5.1. Daxili işlər orqanlarının rəhbərliyi tərəfindən təyin edilmiş, 1 nəfəri maliyyə xidmətindən olmaqla, azı 3 nəfərdən ibarət komissiya tərəfindən ibtidai istintaq dövründə götürülmüş əmlak saxlanılan yerlərdə ildə 1 dəfədən az olmayaraq qəfləti yoxlamalar aparılır.
5.2. Yoxlama zamanı komissiya aşağıdakıları müəyyən edir:
5.2.1. Əmlakın uçotu, saxlanılması qaydalarının düzgünlüyünü;
5.2.2. Əmlakın faktiki qalığının mədaxil və məxaric sənədləri əsasında uçot məlumatları ilə uyğunluğunu;
5.2.3. Əmlakın vaxtında təyinatı üzrə göndərilməsinin və yaxud sahibinə qaytarılmasının düzgünlüyünü.
5.3. Aparılan yoxlamanın nəticələri ümumiləşdirilir və müvafiq qaydada akt tərtib edilir.
5.4. Əmlakın uçotu, saxlanılma şəraitinin və verilməsi qaydasının təmin edilməməsi onların korlanmasına, itirilməsinə səbəb olarsa, təqsiri olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5.5. Təlimatın 1.3-cü bəndində adları çəkilən əmlakın vaxtında mədaxil və məxaricinə, saxlanılmasına maliyyə xidmətinin rəhbəri, həmin əmlak barəsində qəbul edilmiş qərarların vaxtında maliyyə xidmətinə verilməsinə isə istintaq xidmətinin rəhbəri cavabdehdir.
06 fevral 2017-ci il tarixli Q7-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702060007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2017-ci il)
10 aprel 2017-ci il tarixli Q17-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201701100017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2017-ci il)
29 mart 2018-ci il tarixli Q18-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803290018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 aprel 2018-ci il)
21 iyul 2023-cü il tarixli 3-13/Q29/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202307210029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2023-cü il)
1 may 2024-cü il tarixli 3-13/Q8/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202405010008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2024-cü il)
8 avqust 2024-cü il tarixli 3-13/Q12/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202408080012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 avqust 2024-cü il)