Qanunvericilik › Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat (Dövlət Gömrük Komitəsi, 24.03.2003) › Tam mətn

Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat (Dövlət Gömrük Komitəsi, 24.03.2003)

Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat (Dövlət Gömrük Komitəsi, 24.03.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Təlimat “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli Qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinə, Mülki-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun hazırlanmışdır.

1.2. Bu Təlimat Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa gömrük işi sahəsində törədilən cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə predmeti kimi götürülmüş malların (pul və digər qiymətlilərin) məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarını müəyyən edir.

1.3. Aşağıdakılar xüsusi uçota götürülür və saxlanılır:

- tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər;

- milli və xarici valyutalar və valyuta sərvətləri;

- bu qəbildən olan digər qiymətlilər və qanunvericiliklə dövriyyəsi qadağan edilmiş əmlak;

- nəqliyyat vasitələri;

2.1. Gömrük işi sahəsində törədilən cinayətlərin və digər hüquqpozmaların bilavasitə predmeti olan və gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş anbar şəraitində saxlanılması zəruri olan iri ölçülü mallar məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək müvəqqəti saxlanc üçün Dövlət Gömrük Komitəsinın müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarına, pul və qiymətlilər isə maliyyə xidmətinə təhvil verilir. Maddi sübutlar malları təhvil verən gömrük orqanının müraciət məktubu əsasında qəbul edilir.

2.2. Pul və digər qiymətlilərin maliyyə xidmətinə təhvil verilməsi baxış (götürülmə) haqqında protokol və ya qərar əsasında qanunvericiliklə müəyyən olunmuş kassa mədaxil orderi və müvafiq qəbz formaları (QQ-1, QQ-2, QQ-3) doldurulmaqla həyata keçirilir.

2.3. Maddi sübutların zəruri hallarda fotoşəkli çəkilə bilər.

2.4. Maddi sübutlar qablaşdırıla və möhürlənə bilər.

2.5. Dövlət Gömrük Komitəsinın müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarına qəbul edilən mallar barədə 2 (iki) nüsxədən ibarət qəbuletmə aktı tərtib olunur. Həmin akt malları təhvil verən orqanın səlahiyyətli nümayəndəsi, malları təhvil götürənin təşkil etdiyi komissiya üzvləri tərəfindən imzalanır və təşkilatın möhürü ilə təsdiq edilir. Aktda qəbul edilmiş mala aid məlumatlar (adı, növü, əmtəə markası, çəkisi, həcmi, çeşidi, vəziyyəti və s.) əks olunur. Akta həmin mallara aid digər sənədlər də əlavə oluna bilər. Aktın imzalanmış və təsdiq edilmiş bir nüsxəsi malları təhvil verən orqanın nümayəndəsinə verilir.

2.6. Anbar sahibi məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək anbara qəbul edilmiş və anbardan buraxılan malların uçotunu xüsusi formalı “Anbar qeydiyyatı Kitabı “nda aparır.

2.7. Maddi sübutlar güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddə və qurğular, odlu silahlar və onların sursatları, o cümlədən insan həyatı üçün təhlükə yarada biləcək bu kimi qəbildən olan əşyalar ekspert rəyindən sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək qanunvericiliklə tələb olunan xüsusi müəyyənləşdirilmiş yerdə saxlanılır. Zəruri hallarda bu cür əşyalar xüsusi dövlət təşkilatlarına təhvil verilə bilər.

Güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddə və qurğular, odlu silahlar və onların sursatları, o cümlədən insan həyatı üçün təhlükə yarada biləcək bu kimi qəbildən olan əşyalar saxlanılmağa aktla təhvil verilir. Akt 2 nüsxədə tərtib olunur, aktın bir nüsxəsi cinayət işinə tikilir, ikinci nüsxə maddi sübutları saxlamağa götürən təşkilata verilir.

2.8. Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, gömrük işi sahəsində törədilən cinayətlərin təhqiqat və ya istintaqını aparan vəzifəli şəxslər tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarınadək xüsusi təchiz olunmuş yerlərdə müvəqqəti olaraq ciddi nəzarət altında saxlanılmalıdır.

2.9. Pozuntunun predmeti olan qiymətli əşyalar icraatı aparan gömrük orqanının vəzifəli şəxslərinin qərarı əsasında dövlət tərəfindən müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən ekspertizadan keçirilir və iş üçün əhəmiyyət kəsb etdikdə, maddi sübut kimi tanınır. Həmin əşyaların çəkisi, növü, əyarı, dəyəri və digər əlamətləri müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənir (surğuclanır və ya plomblanır).

2.10. Saxlanılmağa götürülmüş sənədli qiymətli kağızlar təhvil verən şəxsin iştirakı ilə zərfə qoyulub möhürlənir. Götürülmüş sənədli qiymətli kağızların miqdarı çox olarsa onlar qutuya qoyularaq qablaşdırılır və möhürlənir. Zərfin və ya qutunun üzərində əşya sahibinin soyadı, adı, atasının adı, sənədin (qəbzin) nömrəsi və tarixi göstərilir. Zərfin və ya qutunun üzərində təhvil alan və təhvil verən şəxslər imza edirlər.

2.11. Pozuntunun predmeti kimi götürülmüş malın, pulun və digər qiymətlilərin uçotu qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının maliyyə xidmətində xüsusi kitabda və dövriyyə cədvəllərində aparılır.

Qəbul olunmuş pulun mədaxil və məxaric sənədləri ümumi qaydada pul sənədləri ilə bir yerdə saxlanılır.

2.12. Dövlət Gömrük Komitəsinin xəzinəsinə verilən maddi sübutların uçotu səhifələri nömrələnmiş, qaytanlanmış, möhürlənmiş və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş kitabda aparılır.

2.13. Maddi sübutlar sahibinə qaytarıldıqdan, müsadirə edildikdən və ya məhv edildikdən sonra, sənədlər gömrük orqanlarında qanunvericiliklə müəyyən olunmuş müddətdə saxlanılır.

3.1. Gömrük işi sahəsində törədilən cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə predmeti olan, gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş mallar, pullar və digər qiymətlilər aidiyyətindən, xüsusiyyətindən, qiymətindən, ölçüsündən asılı olaraq, cinayət və ya inzibati xəta haqqında işin içində, Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarında, gömrük orqanlarının maliyyə xidmətlərində və ya təhqiqat, ibtidai istintaq orqanlarının müəyyən etdiyi yerlədə saxlanılır. Nəqliyyat vasitələri gömrük orqanlarının müəyyən etdiyi xüsusi dayanacaqlara təhvil verilir.

3.2. Təlimatın 1.3.- cü bəndində göstərilən maddi sübut sayılan mallar və eləcə də qəbz kitabçaları, oğurlanmaqdan və xarab olmaqdan qorunmasına tam təminat verilən anbar və ya otaqlarda dəmir şkaf və ya seyflərdə saxlanılmalıdır. Həmin mallar saxlanılan dəmir şkaf və ya seyflər, habelə anbar və ya otaqlar iş vaxtından sonra möhürlənib və ya plomblanıb mühafizə üçün təhvil verilməlidir.

3.3. Zəruriyyət yarandıqda Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarında və ya maliyyə xidmətində saxlanılan maddi sübutlar, istintaq hərəkətlərinin və ya inzibati araşdırmanın aparılması üçün təhqiqat və ya istintaq aparan gömrük orqanının vəzifəli şəxsinə verilə bilər.

Bu zaman əşyaların verilməsi aktla rəsmiləşdirilir.

Malların ekspertizası məqsədilə və digər zəruri hallarda maddi sübut olan qiymətliləri və s. malları təhqiqat və istintaq aparan gömrük orqanının vəzifəli şəxsləri işin icraatda olduğu müddət ərzində, habelə məhkəmə və ya müvafiq səlahiyyətli orqanının qərarınadək xüsusi müəyyənləşdirilmiş yerdə saxlaya bilər. Saxlanma yeri malların, pul və digər qiymətlilərin qorunub saxlanılması və toxunulmazlığını təmin edən tələblərə cavab verməlidir.

3.4. Mallar, pul və digər qiymətlilər anbarda və ya maliyyə xidmətinin xüsusi müəyyənləşdirilmiş otağında məhkəmə və ya müvafiq səlahiyyətli orqanın, həmin malların taleyinin qanunamüvafiq qaydada həll edilməsi barədə qərarının qanuni qüvvəyə minməsinə qədər saxlanılır.

Əgər məhkəmənin qərarında bu mallar haqqında heç bir məlumat olmazsa, dərhal qərar çıxaran məhkəmə və ya istintaq (təhqiqat) orqanı qarşısında bu barədə vəsatət qaldırılmalıdır.

3.5. Anbar sahibi saxlanca qəbul edilmiş malların vəziyyəti barədə zəruri hallarda öz təşəbbüsü ilə, yaxud malları təhvil vermiş gömrük orqanının tələbi ilə ona müvafiq məlumatlar verməlidir.

3.6. Anbara qəbul edilmiş xüsusi saxlanılma şəraiti tələb edən məhdud istifadə müddətli və tez xarab olan ərzaq malları anbara təhvil verildikdən sonra, məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək malları təhvil verən orqanın rəhbərinin qərarı ilə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturu tərəfindən Qiymətləndirmə komissiyasının iştirakı ilə (müstəqil ekspertlərin cəlb edilməsi şərti ilə) qiymətləndirilə və qanunamüvafiq şəkildə realizə edilə bilər.

Bu zaman malların satışından əldə olunmuş vəsait məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək saxlanmaq üçün 3 bank günündən gec olmayaraq müvafiq kredit təşkilatında xüsusi açılmış depozit hesaba köçürülür.

3.7. Anbara qəbul edilmiş məhdud istifadə müddətli və tez xarab olan ərzaq malları, ilkin qiymətlər müəyyən edildiyi vaxtdan 15 gün ərzində qiymətlərin yüksək olması və digər obyektiv səbəblərdən satılmazsa, onda həmin malların DGK nümayəndələrinin də daxil olduğu Qiymətləndirmə komissiyasının iştirakı ilə (müstəqil ekspertlərin cəlb edilməsi şərti ilə) yenidən qiymətləndirilməsi həyata keçirilir.

3.8. Götürülmüş malların saxlanması (bu Təlimatın 3.6. və 3.7-ci bəndlərində nəzərdə tutulan hallarda satışı) ilə bağlı çəkilən xərclər qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənir.

3.9. Anbara qəbul edilmiş istifadə müddəti ötən, mal dövriyyəsindən çıxarılan, əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan, habelə satışı respublika ərazisində qadağan edilən mallar təhvil verən orqanın rəhbərinin qərarı ilə məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək qanunamüvafiq qaydada məhv edilə bilər.

3.10. Təqsirkar şəxslərdən götürülmüş şəxsi sənədlər iş üzrə maddi sübut hesab edilərsə, müvafiq qaydada zərfə qoyularaq möhürlənmiş vəziyyətdə cinayət və ya inzibati xəta işinə əlavə edilməlidir.

3.11. Gömrük işi sahəsində törədilən cinayətlərin və gömrük qaydaları əleyhinə inzibati xətanın bilavasitə predmeti olan, gömrük orqanları tərəfindən müvafiq qaydada maddi sübut kimi götürülmüş heyvan və ya quşlar məhkəmə və ya müvafiq səlahiyyətli orqanının qərarınadək akt tərtib edilməklə həmin sahədə yerləşən heyvanat parkına və ya heyvandarlıq təsərrüfatlarına təhvil verilir.

3.12. Aşkar edilmiş hüquqpozma faktı üzrə icraatın bir müstəntiqdən (təhqiqatçıdan) başqasına, bir istintaq (təhqiqat) orqanından başqa istintaq (təhqiqat) orqanına, eləcə də bir məhkəmədən başqasına verilməsi ilə əlaqədar götürülmüş mallar istintaq və ya təhqiqat orqanının razılığı ilə ilkin təhvil verildiyi yerdə saxlanılır.

4.1. Məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarında malların (pul və digər qiymətlilərin) sahibinə qaytarılması nəzərdə tutulduqda, mal sahibi yaxud onun vəkalət verdiyi şəxs Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi müvafiq təsərrüfat strukturuna və ya maliyyə xidmətinə ərizə ilə müraciət edir və 20 gün ərzində həmin mallar müvafiq akt və digər təsdiqedici sənədlər əsasında təhvil alma barədə imza etdirilməklə sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə) qaytarılır.

Mallar bu Təlimatın 3.6 və 3.7-ci bəndlərində göstərilən qaydada satılmışsa, həmin Təlimatın 3.8-ci bəndində göstərilənlər nəzərə alınmaqla satışdan əldə olunan vəsait sahibinə (və ya onun səlahiyyətli nümayəndəsinə) qaytarılır.

4.2. Hüquqpozmanın bilavasitə predmeti olan və gömrük orqanları tərəfindən müvafiq olaraq götürülmüş mallar sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə, məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı əsasında əmlakın təhvil verilməsi barədə qaimə-fakturaya imza etdirilməklə qaytarılır.

Malların qaytarılması barədə uçot kitabında qeydiyyat aparılır.

4.3. Gömrük hüquqpozmaları haqqında işin icraatını və ya bu işə baxılmanı həyata keçirən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi işin baxılma müddəti başa çatanadək maddi sübutların qorunub saxlanılmasını təmin etmək üçün bütün tədbirləri görməlidir.

4.4. Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi malların sahibinə qaytarılması barədə məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarından ötən 10 il müddətində həmin malların qaytarılması barədə aidiyyəti üzrə müraciət etməzsə, malların dövlət mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

5.1. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən təyin edilmiş, 1 nəfər maliyyə xidmətindən olmaqla, azı 3 nəfərdən ibarət komissiya tərəfindən ibtidai istintaq və ya təhqiqat dövründə təqsirkar şəxslərdən götürülmüş mallar, pul və ya digər qiymətlilər saxlanılan yerlərdə ildə 1 dəfədən az olmayaraq qəfləti yoxlamalar aparıla bilər.

5.2. Yoxlama zamanı komissiya aşağıdakıları müəyyən edir:

- mal, pul və digər qiymətlilərin uçotu, saxlanması qaydalarının düzgünlüyünü;

- mal, pul və digər qiymətlilərin faktiki qalığının mədaxil və məxaric sənədləri əsasında uçot məlumatları ilə uyğunluğunu;

- mal, pul və digər qiymətlilərin vaxtında təyinatı üzrə göndərilməsinin və yaxud sahibinə qaytarılmasının düzgünlüyünü.

5.3. Aparılan yoxlamanın nəticələri müəyyən edilmiş qaydada ümumiləşdirilir və müvafiq qaydada akt tərtib edilir.

5.4. Gömrük orqanlarının səlahiyyətli nümayəndələri onlar tərəfindən anbara və maliyyə xidmətinə təhvil verilmiş malların, pul və ya digər qiymətlilərin maddi məsul şəxs (anbar sahibi) tərəfindən tələb olunan səviyyədə saxlanılmasına vaxtaşırı nəzarət edirlər.

5.5. Maddi məsul şəxs (anbar sahibi) saxlanca götürdüyü malların, pul və ya digər qiymətlilərin məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək saxlanması və uçotunun düzgün aparılması üçün qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

5.6. Maddi məsul şəxs (anbar sahibi) qarşısıalınmaz qüvvələrin təsiri və onun iradəsindən asılı olmayan hadisələrin nəticəsində malların, pul və ya digər qiymətlilərin yararsız hala düşməsinə, yaxud məhv olmasına görə məsuliyyət daşımır.

1. 28 avqust 2023-cü il tarixli 3-33/3-2-000002/2023 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202308281002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 sentyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver