“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 may 2014-cü il
1.1. Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri (bundan sonra – Qaydalar) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin sahibkar tərəfindən ödənilməsi qaydalarını və müddətlərini müəyyən edir.
1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin sahibkar tərəfindən ödənilməsi (bundan sonra – xərclərin əvəzinin ödənilməsi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara əsasən həyata keçirilir.
2.1. Yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
2.2. Əgər məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələri məhsulun müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi sahibkar tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:
2.2.1. xərclərin yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilmədiyi;
2.2.2. xərclərin çəkilməsi barədə sənədli təsdiqləmənin olmadığı;
2.2.3. xərclərin yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkildiyi hallar.
2.3. Yoxlayıcı orqan götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələri barədə protokolu aldıqdan sonra bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş halda xərclərin əvəzinin ödənilməsi haqqında 5 (beş) iş günü müddətində qərar qəbul edir. Qərar yoxlayıcı orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanaraq, bu Qaydaların 2.1-ci bəndində göstərilən xərclərin çəkilməsi barədə müvafiq sənədlərin surətləri ilə birlikdə 3 (üç) iş günü müddətində sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərilir.
2.4. Xərclərin əvəzinin ödənilməsi haqqında qərarda aşağıdakılar göstərilir:
2.4.1. qərarın nömrəsi və tarixi;
2.4.2. yoxlayıcı orqanın adı;
2.4.3. xərclərin əvəzini ödəməli olan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
2.4.4. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq, yoxlayıcı orqanın çəkdiyi xərclərlə bağlı sahibkar tərəfindən ödənilməli olan məbləğ;
2.4.5. xərclərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulan hesabın rekvizitləri;
2.4.6. yoxlayıcı orqanın rəhbərinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası.
2.5. Sahibkar qərarı aldığı vaxtdan 30 (otuz) gün müddətində xərclərin əvəzini dövlət büdcəsinə köçürür.
2.6. Xərclərin əvəzi bu Qaydaların 2.5-ci bəndində göstərilən müddətdə ödənilmədikdə, yoxlayıcı orqan ödəmənin təmin edilməsi barədə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə yazılı xəbərdarlıq təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərir.
2.7. Xəbərdarlığın verildiyi gündən sonrakı 10 (on) gün müddətində sahibkar tərəfindən ödəmə həyata keçirilmədikdə, yoxlayıcı orqan tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir.
2.8. Tələbin məcburi icraya yönəldilməsi haqqında yoxlayıcı orqanın qərarının icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
2.9. Sahibkar xərclərin əvəzinin ödənilməsi və tələbin məcburi icraya yönəldilməsi haqqında yoxlayıcı orqanın qərarlarından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
1. 15 avqust 2014-cü il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 1017)
2. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)