“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası” və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 aprel 2012-ci il
1.1. Bu Qayda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun 19.6-cı maddəsinə əsasən hazırlanmışdır və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin (bundan sonra – yardım mərkəzləri) fəaliyyəti qaydasını müəyyən edir.
1.2. Yardım mərkəzləri - məişət zorakılığından zərər çəkmiş şəxslərə (şəxslərin (bundan sonra – zərər çəkmiş şəxslər) müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onlara) hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır.
1.3. Yardım mərkəzlərində şəxsiyyətin konfidensiallığı təmin edilməklə, zərər çəkmiş şəxsin xahişi (razılığı) ilə ona zəruri yardım göstərilir, müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilir.
1.4. Yardım mərkəzləri hüquqi şəxsdir.
1.5. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədi ilə yardım mərkəzi kimi istifadə oluna bilər.
2.1. Dövlət yardım mərkəzləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin maddi-texniki təchizatı dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
2.2. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzləri yarada bilərlər.
2.3. Yardım mərkəzləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yardım mərkəzinin Nizamnaməsinə uyğun olaraq idarə edilir.
2.4. Yardım mərkəzlərinə direktor rəhbərlik edir.
2.5. Yardım mərkəzlərinin işçilərinin işə qəbul və işdən azad edilməsi Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
3.1. Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
3.1.1. zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək:
3.1.1.1. zərər çəkmiş şəxslərin hüquqlarının bərpa edilməsi üçün hüquqi yardım göstərmək;
3.1.1.2. pozulmuş və yaxud itirilmiş funksiyaların bərpasına yönəldilmiş müalicəvi tədbirləri həyata keçirmək, onların xəstəliyinin, alınmış xəsarətlərin nəticələrini aradan qaldırmaq, psixoloji, fizioloji və anatomik pozuntuları tam və ya qismən bərpa etmək;
3.1.2. zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə kömək göstərmək;
3.1.3. zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil etmək;
3.1.4. zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;
3.1.5. zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək;
3.1.6. zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər həyata keçirmək;
3.1.7. məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək;
3.1.8. zərər çəkmiş şəxslərin qarşılıqlı yardım qruplarını təşkil etmək;
3.1.9. zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsini təmin etmək.
3.2. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.
3.3. Bu Qaydanın 3.1.1-ci, 3.1.2-3.1.4-cü, 3.1.7-ci yarımbəndlərində qeyd edilən xidmətlər qeyri-dövlət yardım mərkəzləri tərəfindən ödənişsiz göstərilir.
3.4. Qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır. Qeyri-dövlət yardım mərkəzləri zərər çəkmiş şəxslərə yardımla bağlı maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz.
3.5. Yardım mərkəzlərində zərər çəkmiş şəxslərə yardım göstərmək məqsədi ilə hər bir şəxs üçün fərdi yardım planı tərtib edilir.
3.6. Zərər çəkmiş şəxslərə fərdi yardım planı aşağıdakı qurumlar tərəfindən həyata keçirilir:
3.6.1. hüquqi, ilkin tibbi və psixoloji yardım - yardım mərkəzləri tərəfindən;
3.6.2. ixtisaslaşdırılmış tibbi yardım - dövlət tibb müəssisələri tərəfindən;
3.6.3. məişət zorakılığından zərər çəkmiş şəxslərin işlə təmin edilməsi, yeni peşələrə yiyələnməsi, sosial müdafiəsi ilə bağlı digər tədbirlər - yardım mərkəzləri və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən;
3.6.4. zərər çəkmiş şəxslərin təhsilinin davam etdirilməsi - yardım mərkəzləri və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən.
3.7. Zərər çəkmiş uşaqlar yardım mərkəzində 3 (üç) ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 (iki) ay müddətinədək öz xahişləri, cinayət təqibini həyata keçirən orqanın və ya məişət zorakılığı barədə şikayətə baxan orqanın göndərişi əsasında müvəqqəti sığınacaqla təmin oluna bilərlər. Müvəqqəti sığınacaqla təminetmə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həyata keçirilir. Uşaq müvəqqəti sığınacaqda yerləşdirilərkən onun hüquq və mənafelərini müdafiə edən şəxsin iştirakı təmin edilməlidir. 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
3.8. Zərər çəkmiş uşaqlar barədə yardım mərkəzləri tərəfindən dərhal yardım mərkəzinin yerləşdiyi ərazinin qəyyumluq və himayə orqanına, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilir.
3.9. Yardım mərkəzlərində uşaqlar müvəqqəti sığınacaqla ayrıca təmin edilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, müvəqqəti sığınacaqda valideynləri ilə (uşağın valideynləri tərəfindən məişət zorakılığına məruz qalmasına güman edildiyi hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər. Burada uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın valideynləri tərəfindən məişət zorakılığına məruz qalmasına güman edildiyi hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.
3.10. Yardım mərkəzində nəzərdə tutulmuş bütün xidmətlər və tədbirlər ilkin olaraq uşaqların maraq və ehtiyaclarına uyğunlaşdırılmalı, uşağın yaşı, kamillik və fərdi psixoloji inkişaf səviyyəsi nəzərə alınmaqla, hüquqları və göstəriləcək xidmətlər barədə məlumatlar uşaqların dərk edəcəyi formada verilməlidir.
3.11. Yardım mərkəzlərində müvəqqəti sığınacaqla təmin edilmiş məişət zorakılığından zərər çəkmiş şəxslərə telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün bu mərkəzlərdə xüsusi yerlər ayrılır.
3.12. Yardım mərkəzlərində zərər çəkmiş şəxslərə layiqli həyat şəraitinin yaradılması, onların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, təhlükəsizliyinin qorunması təmin edilir.
3.13. Yardım mərkəzlərində həftənin bütün günlərində (24 saat ərzində) telefon yardım xətti fəaliyyət göstərir.
3.14. Yardım mərkəzlərində daxili intizam qaydalarını qərəzli şəkildə pozan şəxslər mərkəzin müdiriyyəti tərəfindən vaxtından əvvəl yardım mərkəzində verilmiş müvəqqəti sığınacaqdan çıxarılırlar.
4.1. Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.
4.2. Zərər çəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.
4.3. Yardım mərkəzləri məişət zorakılığı ilə bağlı məlumat bankını aparan orqana məişət zorakılığı halları üzrə qanunvericiliklə müəyyən edilmiş məlumatları təqdim edir.
1.1. Bu Qaydalar “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1058-IIIQ nömrəli Qanununun 19.6-cı maddəsinə əsasən hazırlanmışdır və məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin (bundan sonra – qeyri-dövlət yardım mərkəzləri) akkreditasiyası qaydalarını müəyyən edir.
1.2. Qeyri-dövlət yardım mərkəzləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən akkreditasiya edilir.
1.3. Qeyri-dövlət yardım mərkəzləri müddətsiz akkreditasiya edilir.
1.4. Qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası ödənişsizdir.
2.1. Akkreditasiya edilməsi üçün müraciət etmiş qeyri-dövlət yardım mərkəzinin aşağıdakı meyarlara uyğunluğu yoxlanılır:
2.1.1. maddi-texniki baza;
2.1.2. maliyyə mənbələri;
2.1.3. işçi heyətinin peşəkarlığı.
2.2. Qeyri-dövlət yardım mərkəzinin akkreditasiya edilməsi üçün bu Qaydaların 2.1-ci bəndində sadalanan meyarları təsdiq edən sənədlərin siyahısı Nazirlik tərəfindən müəyyən edilir.
2.3. Akkreditasiya edilməsi üçün müraciət etmiş qeyri-dövlət yardım mərkəzinin maddi-texniki bazası, maliyyə mənbələri və işçi heyətinin peşəkarlığı məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzinin məqsədinə uyğun olmalıdır.
2.4. Akkreditasiya üçün mərkəzin rəhbəri və yaxud onu əvəz edən vəzifəli şəxs tərəfindən müraciət ərizəsi imzalanmalı, möhürlə təsdiq edilməli və bu Qaydaların 2.1-ci bəndində sadalanan meyarları təsdiq edən sənədlərlə birlikdə Nazirliyə təqdim edilməlidir.
2.5. Akkreditasiya barədə müraciətə Nazirlik tərəfindən 15 (on beş) gün müddətində baxılır və akkreditasiyanın təsdiqi və ya ondan imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edilir.
2.6. Sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 7 (yeddi) gün müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərə 10 (on) gün müddətindən gec olmayaraq yenidən baxılır və bu Qaydaların 2.5-ci bəndində göstərilmiş qərarlardan biri qəbul edilir.
2.7. Qeyri-dövlət yardım mərkəzinin akkreditasiya məsələsinə baxılarkən, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi kimi fəaliyyət göstərəcək sahəyə baxış keçirilir, orada işləyəcək şəxslərlə söhbət aparılır, habelə müraciət etmiş şəxs barədə əlavə məlumatların alınması məqsədi ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sorğu göndərilir.
2.8. Müraciət etmiş şəxsə Nazirlik tərəfindən akkreditə edilməsini təsdiq edən sənəd verilir.
3.1. Qeyri-dövlət yardım mərkəzinin akkreditasiya edilməsindən yalnız aşağıdakı hallarda imtina olunur:
3.1.1. bu Qaydaların 2.1-ci bəndində sadalanan meyarları təsdiq edən sənədlər təqdim edilmədikdə və ya tam təqdim edilmədikdə;
3.1.2. akkreditasiya edilməsi üçün müraciət etmiş şəxs tərəfindən yanlış məlumatlar təqdim edildikdə;
3.1.3. məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi kimi fəaliyyət göstərəcək sahələr olmadıqda və ya orada zəruri şərait təmin edilmədikdə;
3.1.4. qeyri-dövlət yardım mərkəzi kifayət qədər maliyyə mənbələrinə, işçi heyətinə, zəruri maddi-texniki bazaya malik olmadıqda, habelə qeyri-dövlət yardım mərkəzində fəaliyyət göstərəcək şəxslərin təhsili, təcrübəsi, psixoloji durumu və mənəvi keyfiyyətləri onların yardım mərkəzində işləməsinə imkan vermədikdə.
4.1. Nazirlik akkreditasiya edilmiş qeyri-dövlət yardım mərkəzi tərəfindən akkreditasiya tələblərinə (maliyyə vəziyyəti istisna olmaqla) riayət edilməsinə nəzarət edir. Bu məqsədlə akkreditasiya edilmiş qeyri-dövlət yardım mərkəzinin fəaliyyəti Nazirlik tərəfindən 3 (üç) ildə bir dəfədən artıq olmamaq şərtilə yoxlanılır.
4.2. Yoxlama zamanı akkreditasiya tələblərinin pozulması aşkar edilərsə, bu pozuntular və ya çatışmazlıqlar qeyri-dövlət yardım mərkəzinin nəzərinə çatdırılır və onların aradan qaldırılması üçün 3 (üç) ay müddətinə möhlət verilir.
4.3. Qeyri-dövlət yardım mərkəzi pozuntu və ya çatışmazlıqları aradan qaldırmalı və bu barədə Nazirliyə məlumat verməlidir.
4.4. Pozuntu və ya çatışmazlıqların aradan qaldırılıb-qaldırılmadığı Nazirlik tərəfindən monitorinq olunur.
4.5. Aşağıdakı hallarda Nazirlik qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası haqqında qərarı ləğv edir:
4.5.1. akkreditə edilmiş şəxs tərəfindən müvafiq ərizə təqdim edildikdə;
4.5.2. akkreditasiya olunmaq üçün müraciət etmiş şəxs tərəfindən təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə;
4.5.3. akkreditasiya tələblərinin pozulması halları aradan qaldırılmadıqda;
4.5.4. qeyri-dövlət yardım mərkəzi ləğv edildikdə.
5.1. Nazirlik akkreditə edilmiş qeyri-dövlət yardım mərkəzləri barədə məişət zorakılığı ilə bağlı məlumat bankını aparan orqana məlumat təqdim edir.
5.2. Qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası ləğv edildikdə, orada olan şəxslər öz arzuları ilə dövlət yardım mərkəzlərində yerləşdirilirlər.
5.3. Akkreditasiyadan imtina edilməsi və akkreditasiyanın ləğv edilməsi barədə qərarlardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
1. 21 fevral 2020-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 fevral 2020-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 209)
2. 29 sentyabr 2021-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1087)
3. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)
4. 30 iyul 2024-cü il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 931)
5. 11 sentyabr 2025-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 861)