10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilir.
10.2. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir:
10.2.1. məişət zorakılığının təkrar törədilməsi;
10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
10.3. Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.2-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:
10.3.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
10.3.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
10.3.3. zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
10.3.4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.
10.4. Mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.