12.1. Məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
12.2. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
12.3. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.
12.4. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.
12.5. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.
12.6. Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.