Qanunvericilik › Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Yardım mərkəzləri

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.

19.2. Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

19.2.1. zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək;

19.2.2. zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək;

19.2.3. zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil etmək;

19.2.4. zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;

19.2.5. zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək;

19.2.6. zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək;

19.2.7. məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək;

19.2.8. zərər çəkmiş şəxslərin qarşılıqlı yardım qruplarını təşkil etmək;

19.2.9. zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsini təmin etmək.

19.3. Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.

19.4. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədilə yardım mərkəzi kimi istifadə oluna bilər.

19.5. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməlidir.

19.6. Yardım mərkəzlərinin fəaliyyəti qaydası və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver