Qanunvericilik › “Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair Qaydalar”ın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 02.06.2026) › Tam mətn

“Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair Qaydalar”ın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 02.06.2026)

“Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair Qaydalar”ın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 02.06.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 962 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 12 mart tarixli 151s nömrəli Sərəncamının 2.1-ci bəndini və “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (Səbuhi Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə (Elxan Nəcəfov), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsil şöbəsinə (Nəriman Qəhrəmanlı) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

4. Qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılsın.

1.1. Bu Qaydalar məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində (bundan sonra – müəssisə) təhsilalanların mobil və elektron cihazlardan istifadə qaydalarını tənzimləyir.

1.2. Mobil və elektron cihazlar dedikdə səsli və görüntülü rabitə, internetə çıxış, məlumatın emalı, saxlanılması və ötürülməsi, oyunların oynanılması, habelə multimedia funksiyalarının icrası üçün istifadə olunan mobil telefon, planşet, ağıllı saat, noutbuk, portativ oyun konsolu və digər analoji daşına bilən elektron qurğular nəzərdə tutulur.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır.

2.2. Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.

2.3. Təhsilalanlar dərs (məşğələ) zamanı mobil və elektron cihazlardan yalnız təhsilverənin icazəsi ilə və onun nəzarəti altında tədris məqsədləri üçün (elektron dərs materiallarına çıxış, tədris tətbiqlərindən istifadə, təqdimat və tədqiqat işləri məqsədilə istifadə və s.) köməkçi vasitə kimi istifadə edə bilərlər.

2.4. Təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.

3.1. Müəssisədə bu Qaydaların icrasına nəzarət müəssisənin daxili intizam qaydaları ilə müəyyən edilir.

3.2. Bu Qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi tərəfindən 1 (bir) iş günü müddətində təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) bu barədə məlumatlandırılır və qabaqlayıcı tədbirlər (təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə birgə müzakirənin keçirilməsi, təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi və s.) həyata keçirilir.

Müəssisə rəhbərliyi tərəfindən təhsilalanlar, təhsilverənlər və valideynlər (və ya digər qanuni nümayəndələr) üçün rəqəmsal həllər, informasiya təhlükəsizliyi, elektron oyunlar zamanı diqqət yetirilməli olan məqamlar, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi mövzularında mütəmadi maarifləndirmə tədbirləri təşkil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver