1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məktəbəqədər təhsil – məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;
1.0.2. məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi;
1.0.3. məktəbəqədər təhsilin dövlət standartı – uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu;
1.0.4. məktəbəqədər təhsildə diferensiallaşdırma – təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixo-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması;
1.0.5. məktəbəqədər təhsildə qiymətləndirmə – uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi;
1.0.6. məktəbəqədər təlim – məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqetmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş proses;
1.0.7. məktəbəqədər xüsusi təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;
1.0.8. metodist – məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.9. dayə – uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxs;
1.0.10. defektoloq – uşaqların əqli, fiziki inkişafındakı pozuntuların korreksiyası ilə məşğul olan mütəxəssis;
1.0.11. icma əsaslı məktəbəqədər təlim qrupu – ixtisaslı pedaqoji işçi olduğu halda, valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu;
1.0.12. inklüzivlik – sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq, uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi;
1.0.13. innovasiya – müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;
1.0.14. qanuni nümayəndələr – uşaqların hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar;
1.0.15. qısamüddətli təlim qrupu – valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla, yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu;
1.0.16. loqoped – nitq pozuntusu olan uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.17. sağlamlıq imkanları məhdud uşaq – xüsusi təhsil şəraitinə ehtiyacı olan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan uşaq;
1.0.17-1. sertifikatlaşdırma – dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;
1.0.18. təhsil proqramı (kurikulum) – təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;
1.0.19. təhsildə inteqrasiya – təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip;
1.0.20. təlimin məzmunu – uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu;
1.0.21. tərbiyəçi-müəllim – uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs.