19.1. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları aşağıdakılardır:
19.1.1. övladı (qəyyumluğunda olan şəxs) üçün məktəbəqədər təhsil müəssisəsini seçmək;
19.1.2. məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının (qəyyumluğunda olan şəxsin) davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi və xidmət şəraiti haqqında məlumat almaq;
19.1.3. təhsilalanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarəolunmasında və mədəni-kütləvi tədbirlərin təşkilində iştirak etmək;
19.1.4. müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.
19.2. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində vəzifələri aşağıdakılardır:
19.2.1. övladının (qəyyumluğunda olan şəxsin) erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq;
19.2.2. övladını (qəyyumluğunda olan şəxsi) Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək;
19.2.3. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək.