Qanunvericilik › Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri

Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

4.0.2. məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək;

4.0.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin bu Qanuna və texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti həyata keçirmək;

4.0.4. məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;

4.0.5. dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;

4.0.6. dövlət və bələdiyyə tərəfindən yaradılan məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək;

4.0.7. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;

4.0.8. məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq;

4.0.9. məktəbəqədər təhsil müəssisəsinin tikintisinə dair normaları, maddi-texniki təchizatına dair minimum normaları, ümumi sanitariya-gigiyenik tələbləri və uşaq yerləri ilə təminat normativlərini təsdiq etmək;

4.0.10. məktəbəqədər təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

4.0.11. məktəbəqədər təhsil müəssisəsinin (dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;

4.0.12. məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası (sertifikatlaşdırılması) qaydalarını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı (sertifikatlaşdırılmanı) həyata keçirmək;

4.0.12-1. dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək;

4.0.13. dövlət məktəbəqədər təhsil müəssisələrini məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olan tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək;

4.0.14. dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını və tibbi xidməti təmin etmək;

4.0.15. məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlayıb həyata keçirmək;

4.0.16. dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji işçilərlə, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək;

4.0.17. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almalarını təmin etmək;

4.0.18. məktəbəqədər təhsilin keyfiyyətinin və elmi-metodik təminatının, uşaqların məktəbəqədər təhsillə əhatəsinin yüksəldilməsi məqsədi ilə təhsil proqramları və layihələri həyata keçirmək;

4.0.19. məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etmək;

4.0.20. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktəbəqədər təhsil almasına şərait yaratmaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver