“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 19 yanvar 2018-ci il
1. Bu Qayda “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələlərini tənzimləyir.
2. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:
2.1. körpələr evi - 1 yaşdan 3 yaşadək;
2.2. körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək;
2.3. uşaq bağçası - 3 yaşdan 6 yaşadək.
2-1. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək uşaqlar qəbul edilirlər:
2-1.1. körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək;
2-1.2. uşaq bağçası - 3 yaşdan 7 yaşadək.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunurlar.
2-2. Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək uşaqlar qəbul edilirlər:
2-2.1. körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək;
2-2.2. uşaq bağçası - 3 yaşdan 7 yaşadək.
3. Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.
4. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
4.1. müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur);
4.2. valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
4.3. uşaqların mübadilə vərəqəsi;
4.4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
4.5. uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
4.6. uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış;
4.7. vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş.
4-1. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
5. Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir.
6. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.
7. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
8. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir.
9. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
____________№-li uşaq bağçasının müdiri
_____________________________________
_____________________________________
_____________________________________
_____________________________________
_____________________________________
_____________________________________
Xahiş edirəm mənim _____________ təvəllüdlü övladımı_______________________
(uşağın adı, soyadı, atasının adı)
____________________ tarixindən uşaq bağçasına qəbul edəsiniz.
Ərizəyə əlavə olunan sənədlər:
- valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- uşağın mübadilə vərəqəsi;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
- uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış;
- vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş.
Qeyd. Ərizəyə əlavə olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatların əlavə olunması tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
Elektron poçt ünvanı _________________
1. 8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433)
2. 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)
3. 21 sentyabr 2022-ci il tarixli 368 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 27 sentyabr 2022-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1101)
4. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)