Qanunvericilik › “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.07.2026) › Tam mətn

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.07.2026)

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 17.07.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 17 iyul 2026-cı il

1.1. Bu Qayda “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını müəyyən edir.

1.2. Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə həyata keçirilir.

1.3. Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçirilir. Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hər il keçirilir.

1.4. Müsabiqənin keçirilməsi müddəti Nazirlik tərəfindən müəyyən edilir.

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. təhsilalanlar – müsabiqə əsasında təhsil alacaq 1-6 yaşlı uşaqlar;

2.1.2. valideynlər – təhsilalanların valideynləri və ya digər qanuni nümayəndələri;

2.1.3. dövlət tərəfdaşı – Nazirlik;

2.1.4. iddiaçı – müsabiqədə özəl tərəfdaş qismində iştirak edən hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi;

2.1.5. şərtlər toplusu – Nazirliyin İşçi qrupunun hazırladığı, müsabiqə şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd;

2.1.6. layihə – iddiaçının müsabiqəyə təqdim etdiyi təklif;

2.1.7. maliyyələşdirmə müqaviləsi – Nazirliklə iddiaçı arasında bağlanılmış müqavilə;

2.1.8. xidmət müqaviləsi – iddiaçı ilə valideyn arasında bağlanılmış müqavilə.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

3.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri müsabiqədə iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.

3.2. Layihədə dövlət dəstəyinin ümumi məbləği ondan faydalana biləcək təhsilalanların sayından, bu Qaydanın 3.3-cü bəndində göstərilən məbləğdən və layihənin icra müddətindən asılı olaraq müəyyən edilir.

3.3. Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. Layihələrin icra müddəti 10 (on) aydan çox olmamalıdır.

3.4. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.

4.1. Müsabiqənin keçirilməsi üçün Nazirlik tərəfindən tərkibi Nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 (beş) nəfərdən ibarət İşçi qrup yaradılır.

4.2. İşçi qrupun fəaliyyət istiqamətləri aşağıdakılardır:

4.2.1. müsabiqənin normativ-metodoloji bazasının və qaydalarının formalaşdırılması;

4.2.2. layihələrin qəbulu və ekspertizasının keçirilməsi;

4.2.3. layihələrin qiymətləndirilməsi və yekun nəticələrin rəsmiləşdirilməsi;

4.2.4. Nazirliyin müəyyən etdiyi digər məsələlər.

4.3. İşçi qrupun vəzifələri aşağıdakılardır:

4.3.1. müsabiqənin keçirilməsində şəffaflıq, obyektivlik və bərabər rəqabət prinsiplərinə riayət etmək;

4.3.2. qiymətləndirmə prosesində maraqlar toqquşmasına yol verməmək;

4.3.3. müsabiqənin şərtlər toplusunu hazırlamaq;

4.3.4. müsabiqədə iştirak üçün təqdim olunan sənədlərin qəbulunu təşkil etmək və ilkin yoxlanılmasını həyata keçirmək;

4.3.5. layihələri maliyyə, hüquqi və pedaqoji baxımdan qiymətləndirmək;

4.3.6. layihələrin qiymətləndirilməsinin nəticələri üzrə rəy hazırlamaq;

4.3.7. müsabiqənin keçirilməsi vaxtını müəyyən etmək;

4.3.8. müsabiqənin dayandırılması və ya uzadılması barədə təkliflər hazırlamaq;

4.3.9. müsabiqə qaydalarının pozulması halları aşkar edildikdə, bu barədə tədbirlər görmək;

4.3.10. maliyyələşdirmə müqavilələrinin layihələrini hazırlamaq;

4.3.11. müsabiqənin nəticələri üzrə yekun protokolu tərtib etmək;

4.3.12. təqdim edilən sənədlərin və məlumatların məxfiliyini qorumaq;

4.3.13. müsabiqə iştirakçılarının müraciətlərinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılmasını təmin etmək;

4.3.14. müsabiqənin nəticələri barədə Nazirliyə onun müəyyən etdiyi müddətdə hesabat təqdim etmək;

4.3.15. Nazirliyin müəyyən etdiyi digər vəzifələri həyata keçirmək.

4.4. İşçi qrupun hüquqları aşağıdakılardır:

4.4.1. aidiyyəti sahə üzrə ixtisas bilikləri olan müstəqil ekspert və mütəxəssisləri qiymətləndirmə prosesinə cəlb etmək;

4.4.2. müsabiqə prosedurlarının təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

4.4.3. qiymətləndirmə zamanı dəyişilməsi gözlənilən və ya təqdim edilmiş sənədlərlə bağlı Nazirliyə məlum olmuş digər məlumat, uyğunsuzluq olması hallarında iddiaçıdan sənəd və məlumatların yenidən təqdim olunmasını tələb etmək.

4.5. İşçi qrupun iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. İşçi qrupun üzvləri iclaslarda şəxsən iştirak etməyə borcludurlar. Üzv üzrlü səbəb olmadan ardıcıl olaraq iki iclasda iştirak etmədikdə, onun başqa üzvlə əvəz olunması məqsədilə Nazirliyə məlumat verilir.

4.6. İclasın keçirilməsi barədə üzvlərə ən azı 2 (iki) iş günü əvvəl yazılı (o cümlədən elektron) qaydada məlumat verilir.

4.7. İclaslara İşçi qrupun sədri, sədr olmadıqda isə onun müavini rəhbərlik edir.

4.8. İşçi qrupun iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə, bu Qaydanın 7.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda isə verilmiş ballara uyğun olaraq qəbul edilir. Səslər bərabər olduqda, İşçi qrupun sədri həlledici səsə malikdir.

4.9. Hər bir iclas üzrə protokol tərtib edilir. Protokol iclasdan sonra 3 (üç) iş günü müddətində tərtib edilir və sədr tərəfindən imzalanır.

4.10. İclas zamanı müzakirə edilən məlumatların məxfiliyi təmin edilir.

5.1. Müsabiqənin şərtlər toplusuna aşağıdakılar daxil edilir:

5.1.1. müsabiqəyə təqdim ediləcək layihələrə dair tələblərin müfəssəl təsviri (layihənin adı, məqsədləri, layihəyə cəlb ediləcək təhsilalanların sayı, layihənin əhəmiyyətlilik baxımından əsaslandırılması, özəl tərəfdaşların layihənin həyata keçirilməsində imkanları (təhsil müəssisəsinin tutumu) və valideynlərin layihədə iştirak payları (hər bir təhsilalan üçün ödəniləcək aylıq təhsil haqqı) və şərtləri, habelə digər məlumatlar);

5.1.2. müsabiqəyə təqdim ediləcək layihələr çərçivəsində resurslardan (insan resursları, maddi-texniki baza, infrastruktur, təhsil proqramları, digər mal, iş və xidmətlər) istifadəyə, onların yaradılmasına və ya inkişaf etdirilməsinə dair tələblər;

5.1.3. müsabiqənin keçirilməsi qaydasının müfəssəl təsviri, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qalibinin seçilməsi meyarları, hər bir meyarın xüsusi çəkisi.

5.2. Müsabiqə başlandıqdan sonra müsabiqənin şərtlər toplusunda dəyişikliklər edildikdə, müsabiqənin müddəti bu dəyişikliklər barədə elanda nəzərdə tutulmuş müddətə, lakin artırılan müddətin müsabiqənin ilkin müddətindən çox olmaması şərtilə artırıla bilər. Müsabiqənin şərtlər toplusunda edilən dəyişikliklər barədə müsabiqənin bütün iddiaçılarına dəyişiklik müsabiqənin şərti kimi müəyyənləşdirildiyi gündən növbəti 2 (iki) iş günü müddətində məlumat verilir.

5.3. Müsabiqənin şərtlərində dəyişikliklər müsabiqəyə dair məlumatlar elan edildiyi qaydada elan edilir.

6.1. Müsabiqənin keçirilməsi barədə mediada və Nazirliyin rəsmi internet saytında aşağıdakı məlumatları əks etdirməklə elan verilir:

6.1.1. iddiaçılara dair tələblər və uyğunluq sənədləri;

6.1.2. müsabiqənin şərtlər toplusunun əldə edilməsi üsulu;

6.1.3. müsabiqəyə müraciətin başlanması və bitməsi tarixi, əlaqə vasitələri.

6.2. Müsabiqənin keçirilməsi barədə elan Nazirlik tərəfindən açıqlandıqdan sonra iddiaçı bu barədə elanda müəyyənləşdirilən müddət ərzində “Elektron Hökumət İnformasiya Sistemi”ndə (bundan sonra – EHİS) qeydiyyatdan keçir və ona EHİS-də “Elektron kabinet” yaradılır. İddiaçı elektron kabinetə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələblərinə uyğun olaraq ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

6.2.1. hüquqi şəxsin nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

6.2.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyəti üzrə verilmiş lisenziyanın surəti;

6.2.3. məktəbəqədər təhsil sahəsində layihələrin həyata keçirilməsi təcrübəsi barədə qısa məlumat;

6.2.4. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmamasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışın surəti;

6.2.5. ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə, iddiaçını təmsil etmək hüququnu təsdiq edən sənədin surəti.

6.3. Elektron kabinet vasitəsilə iddiaçı istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər, habelə bu Qayda ilə müəyyən edilmiş sənədləri və məlumatları təqdim və əldə edə bilər.

6.4. Elektron ərizə iddiaçı tərəfindən təsdiq edildikdən sonra məlumatların və sənədlərin tamlığı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Elektron kabinetə elektron ərizənin və ya sənədlərin natamamlığı (həmin Qanunun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra iddiaçı 3 (üç) iş günü ərzində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir. Sənədlərin tamlığı təmin edilmədiyi halda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə ərizəçinin elektron kabinetinə məlumat göndərilir.

7.1. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra 30 (otuz) gün ərzində İşçi qrup tərəfindən layihənin qiymətləndirilməsi aşağıdakı qaydada aparılır:

7.1.1. layihənin müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır və müvafiq tələblərə cavab verməyən təkliflərə baxılmır;

7.1.2. layihə müsabiqənin şərtlər toplusunda göstərilən qaydada müsabiqə qalibinin seçilməsi meyarları və hər bir meyar üzrə həmin meyarın xüsusi çəkisi nəzərə alınmaqla balların verilməsi ilə qiymətləndirilir.

7.2. Bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq layihənin dövlət dəstəyinin ümumi məbləği çərçivəsində, layihənin qiymətləndirilməsi nəticəsində ən yüksək bal toplamış iddiaçılar bal sıralamasına əsasən müsabiqənin qalibi elan olunur və onlar barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir və ya mediada dərc edilir. Müsabiqə qaliblərinin elektron kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələrinə bu barədə 5 (beş) iş günü ərzində məlumat göndərilir.

7.3. Müsabiqənin nəticələrindən inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

8.1. Valideynlər layihədə tərəfdaş kimi çıxış edirlər. Müsabiqə qalibləri olmuş iddiaçılar layihələrində göstərdikləri saydan artıq olmayan sayda təhsilalanların cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na uyğun olaraq layihədə valideynlərin iştirakını təmin edir. Valideynlər Nazirliyin rəsmi internet saytında müsabiqənin qalibləri barədə məlumat yerləşdirildikdən, qaliblərin təqdim etdikləri məlumatlarla tanış olduqdan, valideynin aylıq iştirak payı ilə razı olduqdan sonra EHİS-dəki elektron kabinetinə daxil olaraq dövlət dəstəyinin alınması üçün təhsilalanların qeydiyyatını apararaq elektron ərizəni doldurur və onu təsdiq edirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

8.1.1. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 8.9-cu maddəsində göstərilən şəxslər kateqoriyasına aid olub-olmadığını təsdiq edən sənədin surəti;

8.1.2. təhsilalanın şəxsiyyətini təsdiq edən sənədin surəti.

8.2. Elektron kabinet vasitəsilə valideyn istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər.

8.3. Elektron ərizə valideyn tərəfindən təsdiq edildikdən sonra məlumatların və sənədlərin tamlığı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Elektron kabinetə elektron ərizənin və ya sənədlərin natamamlığı (həmin Qanunun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra valideyn 3 (üç) iş günü ərzində sənədlərin tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir. Sənədlərin tamlığı təmin edilmədiyi halda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və bu barədə ərizəçinin elektron kabinetinə məlumat göndərilir.

8.4. Qeydiyyatın təsdiqlənməsində “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 8.9-cu maddəsində göstərilən şəxslərə üstünlük verilir, daha sonra isə növbəlilik prinsipi əsasında qeydiyyat təsdiqlənir, qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihə iştirakçısına və tərəfdaşına çevrilirlər.

8.5. Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət müqavilələri əsasında həyata keçirilir.

8.6. Bu Qaydanın 8.8-ci bəndi nəzərə alınmaqla maliyyələşdirmə və xidmət müqavilələri təhsilalanların cəlb edilməsi üçün bu Qaydanın 8.1-ci bəndinə uyğun olaraq layihədə valideynlərin iştirakının təyin edildiyi müddət bitdikdən sonra 20 (iyirmi) iş günü ərzində bağlanılır.

8.7. Müqavilələrin forması Nazirlik tərəfindən müəyyən edilir.

8.8. Təhsilalanların sayı layihədə göstərilən saydan az olduğu halda, yaxud müsabiqə qalibi maliyyələşdirmə müqaviləsini bağlamaqdan imtina etdiyi halda, bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq bal sıralamasına görə növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan olunur və həmin iddiaçıya layihələrində göstərdikləri saydan artıq olmayan sayda təhsilalanların cəlb edilməsi məqsədilə 30 (otuz) təqvim günü müddətində vaxt verilir. Bu barədə məlumat Nazirliyin rəsmi internet saytında yerləşdirilir, mediada dərc edilir və qeydiyyatdan keçmiş valideynlərin şəxsi kabinetlərinə göndərilir. Qeydiyyatın təsdiqlənməsi zamanı bu Qaydanın 8.4-cü bəndində göstərilən şəxslərə, eləcə də maliyyələşmə müqaviləsini bağlamaqdan imtina etmiş özəl məktəbəqədər təhsil müəssisəsində qeydiyyatı təsdiqlənmiş şəxslərə üstünlük verilir, daha sonra isə növbəlilik prinsipi əsasında qeydiyyat təsdiqlənir, qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihə iştirakçısına və tərəfdaşına çevrilirlər.

8.9. Maliyyələşdirmə müqaviləsi xidmət göstərilən təhsilalanların və onların təhsil aldıqları ayların sayından asılı olaraq maliyyələşdirilir.

9.1. Nazirlik maliyyələşdirmə müqavilələrinin icrasına nəzarəti həyata keçirir və bu məqsədlə hesabatlar (rüblük, yarımillik, illik, aralıq və ya yekun) tələb etmək hüququna malikdir.

9.2. Müsabiqə qalibləri müqavilələrin icrası başa çatdıqdan sonra 15 (on beş) iş günündən gec olmayaraq, Nazirliyin müəyyən etdiyi formada və vaxtda müqavilənin icrası ilə bağlı arayış və hesabatları, habelə bu məqsədlə tələb olunan digər sənədləri Nazirliyə təqdim edirlər.

9.3. Nazirlik hesabatları yoxladıqdan sonra onları təsdiq edir və bu barədə özəl tərəfdaşı elektron poçt və ya digər vasitələrlə (poçt rabitəsi) məlumatlandırır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver