Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. məlumat toplusu - sistemli və ya metodik qaydada tərtib edilmiş və elektron, yaxud digər vasitələrlə əldə oluna bilən əsərlərin, verilənlərin və digər materialların təqdiminin obyektiv forması;

1.0.2. məlumat toplularının hüquqi qorunması - məlumat toplularının quruluşunun müəlliflik hüququ və məzmununun xüsusi qorunma hüququ ilə bir-birindən asılı olmayan ikili qorunma forması;

1.0.3. məlumat toplusunun uyğunlaşdırılması (adaptasiyası) - istifadəçinin konkret texniki avadanlığında və ya istifadə etdiyi proqrama uyğun işləməsini təmin etmək məqsədilə məlumat toplusunda dəyişikliklərin aparılması;

1.0.4. məlumat toplusunun yenidən işlənməsi (modifikasiyası) - məlumat toplusunun uyğunlaşdırılmasına aid olmayan digər dəyişikliklərin aparılması;

1.0.5. məlumat toplusunun surətçıxarılması - məlumat toplusunun bir və ya daha çox nüsxədə hər hansı maddi daşıyıcıya köçürülməsi, o cümlədən kompüterin yaddaşına yazılması;

1.0.6. məlumat toplusunun kütləvi nümayişi və ifası - məlumat toplusunun əhalinin qeyri-müəyyən dairəsinin qavramasını mümkün edən istənilən nümayiş və ifa formasında təqdim edilməsi;

1.0.7. məlumat toplusunun dərc edilməsi - məlumat toplusunun kompüterin yaddaşına yazılması və çap mətninin buraxılması da daxil olmaqla nüsxələrin sayının zəruri ehtiyacları ödəməsi şərti ilə əhalinin qeyri-müəyyən dairəsinə təqdim edilməsi;

1.0.8. məlumat toplusunun kütləvi bildirişi (kütləyə çatdırmaq məqsədilə bildirişi) - məlumat toplusunun naqil və ya naqilsiz rabitə vasitələri ilə hər hansı üsulla kütləvi bildirişi, o cümlədən elə tərzdə kütləyə çatdırılması ki, hər kəs öz seçiminə uyğun olaraq istənilən yerdə və istənilən vaxtda bu toplunu əldə edə bilsin;

1.0.9. məlumat toplusunun yayılması - məlumat toplusunun orijinalının və nüsxələrinin satış və ya mülkiyyət hüququnun başqa yolla verilməsi ilə kütləyə çatdırılması;

1.0.10. məlumat toplusunun istifadəsi - məlumat toplusunun surətçıxarılması, dərc edilməsi, kütləvi nümayişi, ifası və bildirişi, yayılması, o cümlədən onun yenidən işlənməsi (modifikasiyası) və mülki dövriyyəyə buraxılması üzrə digər hərəkətlər. Dərc edilmiş məlumat toplusu barədə mediada məlumat verilməsi onun istifadəsi sayılmır;

1.0.11. texniki mühafizə vasitələri - məlumat toplusuna daxilolmanı nəzarətdə saxlayan, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran istənilən texniki qurğular və ya onların hissələri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver