“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 avqust 2023-cü il
1. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır.
2. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır.
3. Qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) seçiminə əsasən bu Tələblərin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qeyri-yaşayış binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda çirkab sularının kənarlaşdırılacağı yer (son nöqtəsi) və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (dövlət ekoloji ekspertizasının rəyi) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğunluq haqqında arayış) ilə razılaşdırılmalıdır.
4. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir.